Bakıda villalardan tapançalar, milyonluq qızıl və nağd pullar oğurlanıb - Həbs edilənlər xarici vətəndaşlardır

Bu gün, 00:16           
Bakıda villalardan tapançalar, milyonluq qızıl və nağd pullar oğurlanıb - Həbs edilənlər xarici vətəndaşlardır
Azərbaycanda Türkiyə vətəndaşlarından ibarət cinayətkar dəstə saxlanılıb. Onlar Mehdiabad, Saray, Məmmədli qəsəbələrində 7 evdən ümumilikdə 1 milyon manatdan çox dəyəri olan oğurluq hadisələri törədiblər.
TEREF xəbər verir ki, onlar təkcə iki evdən 1 milyonluq oğurluq ediblər.

Belə ki, dəstə üzvləri Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsindəki bağ evindən 3 ədəd tapança, tüfəng, 10 min manat dəyəri olan qızıl saat, qızıl-zinət əşyaları, 120 min dollar və 250 min manat nağd pul və qızılı rəngli tapança götürüblər. Dəymiş ziyan 532 min 500 manat qiylətləndirilib.

Məmmədli qəsəbəsində yerləşən bağ evindən pompalı tüfəng, patronlar, qızıl-zinət əşyaları və 450 min manat nağd pul götürüblər. Bu epizod üzrə dəymiş zərər 502 min manat məbləğində dəyərləndirilib.

Dəstə üzvləri daha 5 evdən ümumilikdə 200 min manata yaxın nağd pul və qızıl-zinət əşyaları oğrulayıblar.

İş üzrə saxlanılan şəxslər Muhammet Korkmaz, Adem Ezel, Emrah Orbeyi, Gencay Korkmaz, Bünyamin Korkmaz olub.

Təqsirləndirilən şəxslər ittihamla özlərini qismən təqsirli biliblər. Dəymiş zərərlə razılaşmayıblar. Qeyd edilən miqdarda qızıl və nağd pul götürmədiklərini deyiblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər 12-14 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlardan yalnız bir nəfər 2 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb həmin şəxsin yalnız bir epizodda sürücü kimi iştirak etməsi olub.

Məhkəmədə həmin şəxslərin Azərbaycanda başqa kimlərlə əlbir olmaları da araşdırılıb. Təqsirləndirilən şəxslər oğurluğa getdikləri evlər barədə heç kimdən məlumat almadıqlarını, onlara Azərbaycanda heç kimin kömək etmədiyini deyiblər.

İstintaq orqanı da araşdırma zamanı dəstə üzvlərinin Azərbaycan vətəndaşları ilə əlbir olmaları barədə məlumat əldə edilməyib. Həmin şəxslərin oğurladıqları qızıl-zinət, pul və digər əşyaları harada saxlamalarını və istifadə edib-etməmələrini müəyyən etmək mümkün olmayıb.

Hazırda onların başqa cinayət əməlləri törətmələri, oğurladıqları qızıl-zinət, pul və digər əşyaları harada saxlamaları, istifadə edib-etməmələri istiqamətində tədbirlər davam etdirilir.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.