Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
Bu gün, 07:44

2025-ci ilin birinci rübündə "Samsung" dünyada ən çox smartfon satan brendə çevrilərək Apple-ı geridə qoyub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Canalys" analitik şirkəti məlumat yayıb.
Bu dövr ərzində ümumilikdə 296,9 milyon smartfon satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artım deməkdir.
"Samsung" bazarın 20%-nə sahib olaraq birinci yerdə qərarlaşıb. "Apple" isə 19%-lə ikinci pillədə qərarlaşıb.
Analitiklər qeyd edirlər ki, Apple-ın bu nəticəyə çatmasında mart ayında "iPhone" tədarükünün artması mühüm rol oynayıb. Üçüncü yer 14% bazar payı ilə Xiaomi-yə məxsusdur. İlk beşliyi isə hər biri 8% payla "Vivo" və "Oppo" tamamlayır.
Canalys-in proqnozlarına əsasən, sənayenin aparıcı şirkətləri ikinci rübdə tələbatın canlanacağını gözləyir. Anbar ehtiyatlarının azalması və yeni modellərin satışa çıxarılması əsas satış stimulları hesab olunur. Lakin $200–400 arası qiymət seqmentində rəqabət daha da güclənməkdə davam edir.
Analitiklər həmçinin qeyd edirlər ki, regional bazarlarda tələbat qeyri-bərabər inkişaf edir. Müsbət dinamika Çin və ABŞ bazarlarında müşahidə olunur. Bununla yanaşı, Hindistan, Avropa və Yaxın Şərqdə istehlakçı fəallığında azalma qeydə alınıb – alıcılar telefonlarını yeniləməyə daha ehtiyatla yanaşırlar.