iPhone-lar indi daha “ağıllı” olacaq - Apple iOS 26-nı süni intellektlə təkmilləşdirdi

Dünən, 15:28           
iPhone-lar indi daha “ağıllı” olacaq -
Apple texnologiya dünyasında növbəti inqilaba imza atdı. AzPost xəbər verir ki, şirkət WWDC 2025 tədbirində iOS 26 və digər əməliyyat sistemlərinin ən son versiyalarını təqdim edib. Yeni sistemlər həm dizayn, həm də funksionallıq baxımından ciddi yeniliklərlə yadda qalıb.

Ən çox maraq doğuran yeniliklərdən biri Maye Şüşə adlı interfeys konsepti olub. Bu dizayn sayəsində iPhone və digər Apple cihazlarının ekran görünüşü daha şəffaf və dinamik effektlərlə zənginləşdirilib.

Bundan əlavə, iOS 26 süni intellekt inteqrasiyasını daha da genişləndirərək istifadəçi təcrübəsini fərqli səviyyəyə qaldırıb. Məlumata görə, yenilənmiş iMessage, Camera və Safari tətbiqlərinə AI əsaslı funksiyalar əlavə olunub.

Apple həmçinin macOS 26 “Tahoe” və iPadOS 26 versiyalarını da təqdim edib. Bu sistemlər iPhone-larda mövcud olan bir çox funksiyanı Mac və iPad istifadəçiləri üçün də əlçatan edib. Xüsusilə yeni süni intellekt köməkçiləri və real vaxt tövsiyə imkanları sistemlərin əsas üstünlüklərindən hesab olunur.

Smart saat istifadəçiləri də yeniliklərdən kənarda qalmayıb. watchOS 26 artıq məşq zamanı fərdi tövsiyələr verən virtual köməkçi ilə təchiz olunub. Qaçış, velosiped və güc məşqlərində aktiv istifadə ediləcək bu funksiya sağlam həyat tərzinə dəstək verməyə yönəlib.

Apple həmçinin qeyd edib ki, yeni süni intellekt texnologiyaları istifadəçilərin şəxsi məlumatlarına toxunmadan işləyəcək. iPhone və Mac cihazları məlumatları lokallaşdırılmış şəkildə emal edərək təhlükəsizliyi maksimum səviyyədə qoruyacaq.

Təqdim edilən yeniliklər Apple istifadəçiləri arasında böyük maraqla qarşılanıb və şirkətin texnologiya dünyasında növbəti yenilik dalğasına start verdiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.