ABŞ-də gölün dibində 11 min illik "Stounhenc"in sirri açıldı
Bu gün, 16:53

ABŞ-də Miçiqan gölünün dibində yerləşən və Böyük Britaniyadakı məşhur "Stounhenc"ə bənzəyən qədim daş konstruksiyanın sirri nəhayət ki, elm adamları tərəfindən açılıb.
Bu barədə "Daily Mail" xəbər verir.
Konstruksiya ilk dəfə 2007-ci ildə gölün 12 metr dərinliyində aşkarlanmışdı. Böyük daşlar bir xətt boyunca düzülmüş, onlardan birində naxışlı rəsmlər qeydə alınmışdı. Lakin bu günə qədər həmin təsvirin nə olduğu və ümumilikdə bu quruluşun nə məqsədlə inşa edildiyi naməlum qalırdı.
Təxminən 20 il sonra alimlər rəsmdəki fiqurun mastodont olduğunu təsdiqləyiblər.

Mastodontlar buz dövründə yaşamış və 11 min il əvvəl nəsli kəsilmiş iri məməlilərdir.
Araşdırmanı aparan Şimal-Qərbi Miçiqan Kollecinin antropologiya professoru Mark Holli bildirib ki, bu strukturlar mərasim və ayin məqsədləri ilə tikilib. Daşların bir xətt üzrə düzülməsi, böyük heyvanların bu dəhliz boyunca yönləndirilərək ayinlərdə istifadə edildiyini göstərir.
Əsas daşın hündürlüyü təxminən 1 metr, eni 1.5 metrdir. Daş üzərindəki təsvir isə uzun dişləri olan bir mastodontun yandan görünüşüdür.
Professor Hollinin sözlərinə görə, bu daşların düzülməsi göl formalaşmamışdan əvvəlki dövrə aiddir. Bu isə tapıntının ən azı 11 min il əvvəl inşa olunduğunu göstərir.
