Hilal Əsədovun həyat yoldaşı məhkəmədə ifadə verdi - "MTN İŞİ"

5-06-2017, 20:12           
Hilal Əsədovun həyat yoldaşı məhkəmədə ifadə verdi - "MTN İŞİ"
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

Proses haqqında təqsirləndirilən polkovnik Səlim Məmmədovun vəkili Cavid Rzazadə danışıb.

Proses “Vasmoy” bazarı kimi tanınan “8 km bazarı” epizodu üzrə davam edib.

Məhkəmə şahid qismində bazarın keçmiş sahibi Çingiz Əsədov dindirilib.

Şahid qeyd edib ki, bazar ilk dəfə ona məxsus olub: “Mən idarə edirdim. Qardaşım adam öldürəndən sonra problemlər yarandı. O vaxt Cəfər Seyidov və qardaşları bazarı məndən icarəyə götürdülər. Bir il kirayə pulunu verdilər. İkinci il gələndə isə dedilər ki, bazarı səndən almışıq. Məhkəməyə verdim, prosesi udsam da, xeyri olmadı. Cəfərgil cəlilabadlıydı. Hər yerdə Fərhad Əliyevin adından istifadə edirdilər. Heç kimi saymırdılar. Məhkəmə icraçıları gəlib onları çıxartdı. Bu vaxt Fərhad Əliyevin qardaşı Rafiq bazara gəldi, məni söyüb-təhqir elədi. Mən onlara cavab vermək istədim. Bu zaman Cəfər və qardaşları məni döydülər. Bazardan çıxardılar, qardaşımı oğurladılar. Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, sən bazarı və 600 min manat verməlisən. Gördüm, polis də kömək edə bilmir, bacarmayacam, məcbur olub bazarı Cəfərgilə verdim”.

Çingiz Əsədov qeyd edib ki, Fərhad Əliyev tutulandan sonra Cəfər Seyidovgildən MTN-ə şikayət edib: “Arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Gördüm, daha bazarı işlədə bilmirəm, buna görə bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Hər ay da mənə pul verirlər".

Prosesdə sabiq MTN-in nazir müavini general Hilal Əsədovun arvadı Nüşabə Əsədova dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

İstintaqa verdiyi ifadəsində Nüşabə Əsədova bildirib ki, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində atası Ənvər Məmmədov “Vasmoy" bazarını almaq istəyib: “Bazarın satılmasını atama ərim Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı”.

Nüşabə Əsədova ifadəsində qeyd edib ki, bazarı atası sonradan ona bağışlayıb: “Bazarın kimdən alınıb, necə sənədləşməsindən xəbərsizəm. Bu barədə nə Hilal, nə də atam mənə bir şey deyib. Bazar mənim adıma keçən zaman sənədlər gətirildi, onlara qol çəkdim. Ümümiyyətlə, bazarın neçəyə alındığını, nə vaxt, kimdən alındığını bilmirəm. Atam bazarı 2012-ci ildə adıma keçirib. Bazarın 50 faizi mənim adımdaydı. Qalan 50 faiz isə Akif Çovdarovun qızı Aida Çovdarovanın adınadır. Bazarın sahiblərinin mən və Aida olmasına baxmayaraq, ora Elşən Hüseynov rəhbərlik edirdi”.

Generalın həyat yoldaşı istintaqa ifadəsində bazarın keçmiş sahiblərini tanımadığını deyib: “Hilalın xidməti işi bağlı ondan heç nə soruşmurdum. Onun işi ilə bağlı kimlərlə əlaqədə olduğu, ümumiyyətlə nə iş gördüyünü bilmirəm. Bazarın alınması da atamın təşəbbüsü olub. Sadəcə, biz ona maddi yardım eləmişik. Mən heç zaman o bazarı görməmişəm. Sonradan bilmişəm ki, bazarda pay sahibi Aida Çovdarovadır və Elşən Hüseynov bazardakı 50 faizlik payını ona verib”.

İstintaqa ifadə verən Hilal Əsədovun qayınatası Ənvər Məmmədov isə bildirib ki, 2005-ci ildə kürəkəni ona zəng edərək “Vasmoy bazarı” kimi tanınan meyvə-tərəvəz satış mərkəzinin 450 min dollara satılır: “Hilalla birlikdə 225 min dollar topladıq və bazarın 50 faizini Çingiz Əsədovdan aldıq. Bazar alınanda “Maral-Veqa” MMC-nin tərkibindəydi. Bazar alınandan sonra Elşən Hüseynov “Nəzrin E” MMC-ni yaratdı. Bazarın 50 faizi Elşənin, 50 faizi isə mənim oldu. Bir müddətdən sonra 50 faizlik payımdan 49-nu qızım Nüşabəyə bağışladım. 2007-ci ildədək bazarda direktor oldum, sonra səhhətim imkan vermədi”.

Proses iyunun 7-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.