BDU-da ödəniş 4300 manat oldu – Qiymətlər qalxıb

24-07-2017, 09:26           
BDU-da ödəniş 4300 manat oldu – Qiymətlər qalxıb
Keçid balı toplayan abituriyentlərin sayı qəbul plan yerlərindən azdır

Bakı Dövlət Universitetində təhsil haqları yeni tədris ilindən etibarən bütün fakültələr üzrə 100-500 manat arası artırılıb.

İstiPress xəbər verir ki, bu haqda təhsil eksperti Kamran Əsədov “Abituriyent” jurnalının yeni sayına istinadən məlumat yayıb.

O, bildirib ki, keçən il ödənişi 3800 manat olan BDU-nun Hüquq fakültəsinin təhsil haqqı 4300 manata qədər qalxıb.

Xəzər Universitetində təhsil haqları 4500-5000 manat, Azərbaycan Universitetində 3000 manat müəyyən olunub ki, bu da keçən illə müqayisədə ciddi artım hesab olunur. Amma Qərb, Kooperasiya, Odlar Yurdu universitetində təhsil haqları aşağı düşüb. Bu da onunla əlaqədardır ki, keçən il bu universitetlər plan yerlərini çox aşağı səviyyədə doldura bilmişdilər.

Ekspert “Qafqazinfo”ya açıqlamasında bildirib ki, təhsil haqlarının artırılması abituriyentləri ödənişləri aşağı olan universitetlərə meyl etməyə məcbur edəcək:

“Bununla yenidən həmin təhsil haqları yüksək olan universitetlərə qəbulla bağlı problemlər yarana bilər. Çünki keçid balı toplayan abituriyentlərin sayı qəbul plan yerlərindən azdır.

Bundan əlavə, unutmaq olmaz ki, yüksək qiymətlə aşağı səviyyədə təhsil almaqdansa, ucuz qiymətə qardaş Türkiyədə daha keyfiyyətli təhsilə meyl edə bilərlər. Bu da ölkədən kənara həm maliyyə axını, həm də ki, beyin axını ilə müşahidə oluna bilər”.

Kamran Əsədov qeyd edir ki, təhsil haqlarının artırılmasına əsasən ölkədə baş vermiş 2 devalvasiya və enerji daşıyıcılarının qiymətlərinin artırılması təsir göstərir:

“Düzdür, dövlət universitetləri dövlət büdcəsinin vəsaiti hesabına böyük məbləğdə pul dotasiyaları alırlar. Dünya təcrübəsində universitetin dövlət büdcəsinin vəsaiti hesabına saxlanılması təcrübəsi yoxdur. Bu, büdcəni daima əlavə xərc yükündə saxlayır.

Ona görə də, ölkə başçısı bu ildən etibarən bir sıra büdcədən maliyyələşən universitetlərə publik hüquqi şəxs statusu verdi ki, özləri göstərdikləri xidmətə görə maliyyələşdirilməsini həyata keçirsinlər.

Əslində isə, bu da universitetin publik hüquqi şəxs elan etməyin Azərbaycan variantı. İnkişaf etmiş ölkələrdə universitetin qazancının böyük qismini universitetin elmi fəaliyyətinin nəticəsində əldə edilmiş pullar təşkil edir. Necə ki, bizdə təhsil elmə çevrilməyib qazanc yeri yenə də millətin belindən, zəhmətkeş fəhlənin, kəndlinin əlinin qabarından çıxacaq. Öyrəşmişik ki, əziyyətsiz qazanc əldə edək.

Universitetlər xaricdən tələbə qəbuluna üstünlük vermək, xaricdən vəsait cəlb etmək yerinə, daxili bazarın hesabına öz maliyyə problemlərini həll edirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.