Nazim Bayramov cavab verdi : “Məngələnata” yüksəkliyini kim götürüb? Daha bir versiya

30-07-2015, 00:51           

93-cü ilin aprelin əvvəlində baş vermiş Məngələnata döyüşü barədə.
1993- cü il aprel ayının 2- də, səhər saatlarında Füzuli rayonu ərazisində strateji əhəmiyyətli “Məngələnata” yüksəkliyində yerləşən postların “ermənilər tərəfindən alınması” barədə təxribat törədilir və bu postlarda döyüş növbəsi çəkən yerli batalyonun (həmin vaxt komandir Qəhrəman Ağayev) döyüşçüləri mövqelərini özbaşına tərk edirlər.
Bu barədə Fizuli rayon Polis şöbəsinə məlumat daxil olan kimi həmin vaxt Rayon Polis Şöbəsinin rəisi olan Binnət Məmmədovun rəhbərliyi ilə bir qrup polis əməkdaşı “Məngələnata” istiqamətində hərəkətə keçir. Təxminən saat 4-5 radələrində Polis əməkdaşları “Qaz 66” maşını ilə qeyd olunan dağın ətəyinə çatırlar.
Bu yüksəkliyin əhəmiyyətini çox gözəl bilən polis rəisi əməkdaşlarına bildirir ki, “nəyin bahasına olursada olsun ermənilərin oranı götürmələrinə, orada möhkəmləmələrinə imkan verməməliyik. Əgər ermənilər “Məngələnatanı” alsalar onda Füzulidə dayanmaq mümkün olmayacaq. Odur ki, kişilik, qeyrət vaxtıdır. Ölsək də buna yol verməməliyik” . Daha sonra döyüş dəbilqəsini başına qoyan Polis rəisi əlində avtomat silahı hamıdan öndə dağa qalxmağa başlayır.
Bir qrup polis əməkdaşı və dağın ətəyində onlara qoşulmuş (bir az əvvəl mövqeləri özbaşına tərk etmiş) milli ordunun az sayda döyüşçüləri və onların komandiri Qəhrəman Ağayevlə birgə yenidən zirvədəki postlara qayıdırlar və məlum olur ki, postlar boşdur. Təbii ki, əgər həmin vaxt ermənilər mövqelərin nəzarətsiz olduğunu bilmiş olsaydılar, tez bir zamanda orada möhkəmlənərdilər.
Polis rəisi düşmənin, postlarda bizim canlı qüvvənin az olmasını müəyyən edə bilməməsi üçün bütün postlardan atəş açmağı əmr edir və bununla da düşmənin diqqətini yayındırır.
Ermənilər isə axşam saatlarına doğru sanki nə isə duyublarmış kimi dağın ətəyinə, eyni zamanda nisbətən alçaqda yerləşən ikinci yüksəkliyə (Qara ağacların yanı) qədər xeyli irəliləyə bilmişdilər. Bir xeyli davam edən atışmadan sonra isə ermənilər əvvəlki mövqelərinə doğru geri çəkilirlər.
Haşiyə: Deyilənə görə həmin gün Füzuli Rayon Polis Şöbəsində növbə rəisi olan Polis leytenantı Məmmədzadə İbrahim Daxili İşlər Naziriyinə “Məngələnata” yüksəkliyinin ermənilər tərəfindən alınması ilə bağlı məlumatın daxil olması haqqında məruzə edir. Bir neçə saat sonra isə növbə rəisi həmin yüksəkliklərin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülməsi barədə Daxili İşlər Naziri İsgəndər Həmidovla danışır. Nazir raport verənin kim olmasını soruşduqda növbətçi leytnant Məmmədzadə İbrahim olduğunu bildirir və İsgəndər Həmidov isə öz növbəsində bildirir ki, bu dəqiqədən etibarən sən leytenant yox kapitan rütbəsi daşıyırsan.
Yalnız növbəti gün səhər, yəni aprel ayının 3-də Prezident Qvardiyasının bir qrup döyüşçüsü və 702 saylı briqadanın az saylı əsgərləri (əsasən 839 saylı batalyonun ) birlikdə (bunları kadrlarda da izləmək olar) adıçəkilən yüksəkliyə ( Məngələnata dağının ən yüksək nöqtəsi qədim Alban məbədinin yerləşdiyi hissə idi) qalxırlar və postları polislərdən təhvil alırlar.
Sonda isə iki nüansa diqqət yetirək: 1. Kadrlarda nümayiş olunan və guya ermənilərdən əldə olunmuş qənimət kimi təqdim edilən Pulemyot və qrantamyot Fuzuli rayon Polis şöbəsinə məxsus idi. Polis əməkdaşları postları təhvil verərkən Prezident Qvardiyasından olan komandirin xahişi ilə istifadə üçün saxlanılmışdı. Qvardiyanın əskərləri ərazini tərk edərkən həmin silahlar polis şöbəsinə təhvil verilmişdir.
2.Kadrlarda müsahibə verən bütün komandirlər heç bir itki verilmədiyini qeyd edirlər. Lakin Əzizağa Süleymanovun qeydlərində 2 nəfərin şəhid olduğu, bir neçə nəfərin isə yaralandığı bildirilir. Təbii ki, həmin istiqamətdə hər hansı hücum və ya əks hücum əməliyyatı keçirilsə idi itkilərimizin sayı qat- qat çox olardı.
O zaman polis rəisi olmuş Binnət Məmmədov hazırda Bakıda yaşayır. Etalist.com-un redaktoru bu barədə əmisi hörmətli İ.Həmidovdan da maraqlana bilər.
Bu isə tariximizin həyasızcasına kobud təhrifi.
Hərb tariximizin təhrif cəhdləri dərhal və yerindəcə alınmalıdı. Bu, gələcək müharibəyə hazırlığın mühüm tərkib hissəsidi.
Nazim Bayram. Ehtiyatda olan zabit












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.