Müttəfiq müttəfiqin cibinə girməz Bir dövlətdə fərqli ciblərlə?
6-01-2018, 11:16
Azərbaycana yaxın, dost və çəkinmədən deyə bilərik ki, əziz dövlətlər olan Rusiya və Belarus arasında münasibətlərində yenidən pisləşmə qeydə alınıb. Bu dəfə iki dövlətin sözü yükdaşıma məsələsinə görə çəp düşüb. Vəziyyətin qısa icmalı belədir: Belarus Rusiyadan rüsumsuz (bir daha təkrarlayaq və böyük hərflərlə qeyd edək: RÜSUMSUZ) əsaslarla neft alır, onu öz neft emalı zavodlarında emal edir və böyük hissəsini Avropaya ixrac edir. Belaruslar neft məhsullarının ixracında Baltikyanı ölkələrin – Litva və Latviyanın nəqliyyat infrastrukturuna üstünlük verir və bunu coğrafi yaxınlıq və əlverişli daşınma tarifləri ilə əsaslandırır.
Neft məhsulları ilə birgə həmin istiqamətlərdə ixracyönümlü başqa məhsullar da, məsələn, gübrə də göndərilir. Belə olan halda Rusiyanın Ust-Luqa, Primorsk və Leninqrad vilayətinin digər dəniz limanları bir kənarda qalır. Halbuki Ventspil, Riqa və Klaydep limanlarından nəql olunan yüklər həmin limanlardan keçsəydi, Rusiya limanları daha böyük gəlirlər götürə bilərdi.
Statistikaya görə, 2016-cı ildə Belarusla Latviyanı birləşdirən dəmiryolu xətti ilə 15,6 milyon ton yük, o cümlədən 5,4 milyon ton neft məhsulu daşınıb; bu, ümumilikdə Latviyada dəmiryolu xətti ilə nəql olunan neft yüklərinin 79 faizini təşkil edir.
Qeyd edək ki, bu məsələ əvvəllər də bir neçə dəfə qaldırılıb və Moskva hər dəfə əvvəlcə taktiki şəkildə eyham vurur, sonra isə Minskə açıq-aşkar bildirirdi ki, müttəfiq dövlət qarşısında götürülmüş öhdəliklərdən yayınmaq olmaz və qardaşlıq prinsiplərinə sadiq qalmaq lazımdır. Lakin hər dəfə Kreml əvvəl incə, daha sonra isə kobud şəkildə rədd cavab alıb. İş o həddə çatıb ki, Belarus Rusiyanın tranzitlə Avropaya ixrac etdiyi qaz tariflərini yenidən nəzərdən keçirməklə hədələyib.
Ancaq bu dəfə, görünən odur ki, daş dəmirə rast gəlib və rusiyalılar geri çəkilmək niyyətində deyil. Bu dəfə Moskva faktiki olaraq Minskə ultimatum göndərərək, neft emal edən zavodların istehsal etdiyi məhsulların tranzitini öz limanlarına doğru yönləndirməyə məcbur etməyə başlayıb.
Bu yaxınlarda Kalininqrad vilayətinin Pioner qəsəbəsində Rusiyanın şimal-qərbində nəqliyyat infrastrukturunun inkişafı üzrə keçirilən iclasda Rusiya prezidenti Vladimir Putin Belarusun neft emal edən zavodlarını Rusiya dəmiryolu xətlərindən istifadəyə məcbur etməyi təklif etmişdi.
“Belarus neft emalı zavodlarında bizim neftimiz emal olunur, başqası yoxdur və çətin ki, peyda olacaq. Ona görə bu məsələni konkretləşdirmək lazımdır - bizim neftin bizim infrastrukturdan istifadə məsələlərinin qarşılığında alınması baş verməlidir.”, – deyə Putin bildirib.
Etiraf etməliyik ki, müəyyən dərəcədə rəsmi Minskin mövqeyini anlamaq olar, belə ki, Rusiya portları Belarusun neft emalı zavodlarından azı 800 kilometr aralıda yerləşir. Bu, Baltikyanı portlardan xeyli uzaqdır. Burada başqa bir arqument gətirilir; öz tariflərini heç cür tənzimləyə bilməyən və limanların, dəmiryolu infrastrukturunun fasiləsiz fəaliyyətini təmin edə bilməyən ruslardansa Avropa standartlarına keçmiş baltikalılara bel bağlamaq daha asan və daha məqsədəuyğundur. Ancaq hesab olunur ki, təkcə yükdaşınmanın kilometrajının, logistikanın və digər iqtisadi faktorların bəsit qiymətləndirilməsi kifayət etmir, məsələyə daha geniş aspektdən baxmaq lazımdır.
Baltikyanı ölkələrlə bağlı məsələ indiki halda çox aydın və sadədir. Emal olunmuş Rusiya neftinin daşınmasından o ölkələr xeyir götürür ki, rəsmi Moskvanı bir nömrəli potensial düşmən sayır və NATO-nun hesabına onun şişirdilmiş təcavüz imkanlarına qarşı silahlanır. Bəs burada məntiq hanı? Rusiya ilə yaxınlıqdan alınan pullar yaxşıdır, amma buna rəğmən, ordunu ona qarşı müasirləşdirmək və silahlandırmaq lazımdır?! Üstəlik, bu həmçinin daşınmalardan əldə olunmuş pulların hesabına baş verir.
Buna baxmayaraq, məsələ artıq həllini tapmaqdadır və yükdaşımaları elə şəkildə tənzimlənir ki, Baltikyanı dövlətlərin əlləri Rusiyanın özünün qazana biləcəyi gəlirlərdən kənarda qalsınlar. Misal üçün, şimal-qərbi Rusiya limanlarında yük dövriyyəsinin 2020-ci ilə kimi ilə 60 milyon ton həcmində artırılması ilə bağlı planlar var. Baltikyanı ölkələrin portlarından boşaldılan Rusiya yüklərinin ümumi həcminin ötən il 42,5 milyon ton təşkil etdiyini nəzərə alsaq, 2020-ci ilə kimi Latviya və Estoniya portlarının hazırkı həcmlərin 60%-dən məhrum olacağını demək olar. “PricewaterhouseCoopers” auditor şirkətinin araşdırmasına görə, Estoniyada beynəlxalq yükdaşınmaları 2005-2015-ci illərdə təxminən 50% civarında azalıb. Rusiyanın tədricən həmin limanlardan imtina etməsi ilə yük dövriyyəsi 26 faiz aşağı düşüb, dəmiryolu xətti ilə yük daşınmaları isə 68 faizə qədər ixtisar olunub. Ümumi götürdükdə, əvvəlki illərin siyasətini nəzərə alsaq, Litva, Latviya və Estoniyanın ümumi yük dövriyyəsi 2016-cı ildə 138,94 milyon tona qədər ixtisar olunub. Buna görə də baltikalılar Belarus yükünün, xüsusilə emal olunmuş neft məhsullarının daşınmasında iştirak etmək üçün belə canfəşanlıq edir.
İndi isə qayıdaq rəqəmlərə istinad edən Minskin mövqeyinə. İddia olunur ki, neft məhsullarının Baltikyanı ölkələrin limanlarından aşırılmasının xərci bir ton üçün 6-8 dollar təşkil edir, halbuki Rusiya limanlarında bu göstərici 12-18 dollar arasında dəyişir. Arqumentdir! Ancaq bu arqumenti sıradan bir strateji tərəfdaş olmayan, faktiki olaraq həmin ölkə ilə quru sərhədi olmayan müttəfiq dövlətə “yeritmək” nə dərəcədə düzgündür?
O Azərbaycandır ki, həm Rusiya, həm də Belarusla strateji tərəfdaşlığa istinad edə və gözü götürməyən bir çoxlarının rəylərinə zidd olaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının nəqletmədə alternativ yaratdığı üçün bütün dövlətlərə faydalı olduğunu dünyaya sübut edə bilsin.
O Azərbaycandır ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin guya böyük xərclər tələb etdiyi və özünü doğrultmayacağı ilə bağlı tez-tez səslənən rəylərə baxmayaraq, hamıya sübut edir ki, bu yol maraqlı olmaqdan savayı, Azərbaycanın qonşuları üçün də xeyirlidir, belə ki, yük daşınmasına alternativ yaradır.
O Azərbaycandır ki, bütün çətinliklərə və əngəllərə baxmayaraq, təbii qazını Avropaya çıxaran zaman heç bir strateji tərəfdaşına badalaq gəlmir, müttəfiqlərini bu marşrutlardan faydalanmaq imkanından məhrum etmir. Axı həqiqətən, müttəfiq dövlətin, üstəlik, sənə çörək verən dövlətin (bir daha xatırladaq ki, Belarusa neft rüsumsuz əsaslarla daxil olur) ziyanına işləmək düzgün iş deyil. Bəs siz necə düşünürsünüz?!
Dünyamalı NURŞƏRƏF
www.oxu.az