Gürcüstandakı erməni apostol kilsəsi məhkəməyə müraciət etsə, biabırçılıqla uduzacaq - AÇIQLAMA
6-01-2018, 14:04
Gürcüstandakı erməni apostol kilsəsi hökuməti məhkəməyə verməyə hazırlaşır.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu məsələ Ermənistan prezidenti Serj Sarqsyanın Tbilisiyə səfəri zamanı bu ölkədəki erməni apostol kilsəsinin rəhbəri, yepiskop Vazgen Mirzəxanyan ilə görüşdə də müzakirə olunub.
Gürcüstandakı erməni icmasının dini lideri S.Sarqsyana Tbilisinin mərkəzində, Aqmaşenebeli prospekti 38 ünvanındakı (keçmiş Plexanov prospekti) kilsə ilə bağlı məlumat verərək bildirib ki, baş nazir Georgi Kvirikaşvilinin rəhbərlik etdiyi hökumətin qərarı ilə həmin məbəd Gürcüstan Pravoslav Kilsəsinin tabeçiliyinə verilib: "Gürcüstan hökuməti qərarı qəbul edərkən məbədin tarixini, onun dini və mədəni əlamətlərini yaxşı öyrənməyib. Əks halda, onlar belə ədalətsiz qərar qəbul etməzdi. Əgər “Tandoyants Surb Astvatsiatsin” kilsəsinin ermənilərə qaytarılması ilə bağlı məsələ bizim xeyrimizə həll olunmasa, yepiskopluq Gürcüstan hökumətini məhkəməyə verəcək. Biz istəmirik ki, Gürcüstandakı erməni mədəni irsinin qorunması ilə müqəddəs Eçmiədzin kilsəsi və rəsmi Yerevan məşğul olsun. Bu məsələni özümüz həll etməyə çalışırıq. Biz buna nail olmasaq, vəziyyət dövlətlərarası və kilsələrarası problemə çevrilə bilər. Erməni icması Yeni il bayramından sonra Gürcüstan hökumətinin qərarından məhkəməyə müraciət edəcək. Əgər Gürcüstan məhkəməsi erməni yepiskopluğunun tələbini yerinə yetirməsə və məbədi “qanuni sahibi"nə qaytarmasa, erməni icması beynəlxalq təşkilatlara və Avropa məhkəmə strukturlarına müraciət edəcək".
Erməni yepiskopluğunun bu qərarı isə Gürcüstanda birmənalı qarşılanmayıb. Gürcüstan Katolikos-Patriarxı II İlyanın katibi David Botkoveli Ata jurnalistlərə deyib ki, patriarxlıq erməni yepiskopluğunun məbədlə əlaqədar məhkəməyə müraciətini soyuqqanlıqla qarşılayır: “Onların məhkəməyə müraciət etmək hüquqları var. Bu, onların işidir. Həmin məbədin gürcülərə aid olması barədə bizim əlimizdə kifayət qədər tutarlı sübutlar var. Əgər erməni yepiskopluğu, həqiqətən də, məhkəməyə müraciət etsə, inanıram ki, onlar uduzacaqlar və bu, onlar üçün böyük biabırçılıq olacaq”.
Tarixçi alim, politoloq Quram Marxuliya “Report”a deyib ki, bu ermənilərin Gürcüstana və gürcü xalqının mədəniyyətinə, dininə, tarixinə qarşı ilk hücumları deyil: "Ermənilər dəfələrlə gürcü xalqına məxsus kilsə və digər tarixi, mədəni, dini abidələri özününküləşdirmək üçün bu cür yalançı iddialarla çıxış ediblər. Hər dəfə də biabırçılıqla uduzublar. İnanıram ki, bu dəfə də onların yalanları üzə çıxacaq və məhkəmə də onların iddiasını əsassız sayacaq".
Onun sözlərinə görə, Avropa məhkəmələri və beynəlxalq təşkilatlarda artıq ermənilərin necə riyakar, yalançı və təcavüzkar olduqlarını bilirlər: "Ona görə də qəti əminəm ki, ermənilər bu dəfə avropalılar qarşısında da biabırçılıqla uduzacaqlar".
Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebia da ermənilərin bu iddiasını əsassız sayıb: "Bu cür məsələlərdə Gürcüstan hökuməti, ictimaiyyəti də ölkə patriarxlığının yanında olmalıdır. Çünki ermənilər bu yolla Gürcüstanda yeni bir qarşıdurma yaratmağa, sabitliyi pozmağa çalışırlar".
Qeyd edək ki, hazırda Aqmaşenebeli prospektindəki kilsədə Gürcüstan patriarxlığının sifarişi ilə gürcü şirkətləri təmir bərpa işləri həyata keçirirlər. Təmir işləri başa çatdıqdan sonra dini ayinlərin icrasına başlanılacaq.