Goranboyda tapılan çeçen qadın: - "Azərbaycana İrandan gəlmişəm"

10-01-2018, 13:35           
Goranboyda tapılan çeçen qadın: - "Azərbaycana İrandan gəlmişəm"
Goranboyda tapılan çeçen qadın:
Xəbər verdiyimiz kimi, ötən gün Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan bir qrup deputatı -Aydın Mirzəzadə, Flora Qasımova, Hikmət Məmmədov, o cümlədən YAP Qadınlar Şurasının fəalı Yasamal rayon 52 saylı məktəbin direktoru Elmira Ələsgərova Goranboyda tapılan, çeçen əsilli olduğunu iddia edən 104 yaşlı Mədinə Əliyevanın qaldığı sığınacağa baş çəkib, vəziyyəti ilə maraqlanıblar.

Millət vəkili Aydın Mirzəzadə Mədinə Əliyeva ilə baş tutan görüşün təfərrüatlarını AzVision.az-la bölüşüb.

Millət vəkili bildirib ki, qadın tamamilə şüuru özündə olan, suallara cavab verən haldadır: “Əvvəlcə qeyd edim ki, qadının yerləşdirildiyi sığınacaqda yaşlı və qulluq tələb edən insanlar üçün bütün şərait yaradılıb. Yaşının 100-dən artıq olması nəzərə alınaraq onun daim diqqətdə olması tələb olunur. Bu məqsədlə qadına xüsusi tibb bacıları xidmət göstərir. Qadın tamamilə şüuru özündə olan, suallara cavab verən haldadır. Gəlişimizə çox sevindi və bizə maraqlandığımız üçün təşəkkür etdi. Onunla həm təklikdə, həm də sığınacaq personalı ilə birlikdə söhbət etdik. Məişət şəraiti, yeməyi ilə maraqlandıq. Heç bir şikayəti yoxdur”.

A.Mirzəzadə deyib ki, qadının sözlərinə görə, M.ƏliyevaAzərbaycanda dəfələrlə olub: “O, bizə bildirdi ki, Azərbaycanda dəfələrlə olub. Dilimizi çox yaxşı bilir. Dağıstanın Xosovyurd rayonunun kəndidə daimi yaşadığını, orada evinin olduğunu bildirdi. Dini ibadətlə məşğuldur. Azərbaycanca, rusca təmiz danışır. Eyni zamanda bizə bildirdilər ki, qadın çeçəncə də bilir. Sığınacaqdan məlumat verdilər ki, bir neçə gün əvvəl Çeçenistandan xüsusi nümayəndə gəlib. Onunla çeçen dilində danışıb və qadının çeçen olduğunu qəbul edib. Hazırda onun Azərbaycana hansı şəraitdə düşməsi, anket məlumatları dəqiqləşdirilir. Çeçenistan tərəfi də onu hansısa qocalar evində yerləşdirməyə hazır olduğunu bildirib. Amma onun sənədləri yoxdur və Azərbaycana necə gəlib çıxması məlum deyil. Hesab edirəm ki, onun bağlı proses yekunlaşdıqdan sonra ola bilsin ki, Çeçenistana aparılsın”.

Millət vəkili qeyd edib ki, qadın görüş zamanı Azərbaycana İrandan gəldiyini deyib: “Yaşlı qadın Azərbaycana gəlməmişdən öncə bir il yarım İranda yaşayıb. İrana nə üçün getdiyini izah edə bilmədi. İrandan Azərbaycana keçdiyini söyləsə də, hansı sərhəd məntəqəsindən keçdiyini izah edə bilmədi. Qeyd etdi ki, Azərbaycana gələrkən tək olmayıb, onunla kimlərsə olub. Əlavə etdi ki, onu müşaiyət edən, azərbaycanlı olmayan insanlar bir neçə qızıl ziynət əşyasını, 200 manata qədər pulunu əlindən alıblar. Amma, qadının qolunda qızıl qolbağ vardı. Dediyinə görə, onun yerini bilmədiklərindən apara bilməyiblər. Goranboyda necə peyda olduğuna isə heç bir izahat verə bilmədi”.

A.Mirzəzadənin sözlərinə görə, qadın heç bir qohum-əqrəbasının olmadığını deyib: “Dediyinə görə, heç bir qohumu yoxdur. Ərdə olub. Uşaqları da yoxdur. O, öz evindən 3 il bundan əvvəl çıxıb. Müxtəlif yerlərdə yaşayıb. Bildirir ki, yaşadığı kəndə öz evi olub”.

Qeyd edək ki, yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən 104 yaşlı qadının əsl kimliyi müəyyən edilməyib. O, özünü Mədinə Əliyeva kimi təqdim etsə də, Dağıstan və Çeçenistanda bu ad, soyadlı qadının qeydiyyatda olmadığı bildirilib. Həmçinin Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı ortaya çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.