“Bizi öz dilimizdə danışan mayor aldatdı” – 20 Yanvar hadisəsinin şahidi
17-01-2018, 19:01
Sovet totalitarizminin 1990-cı ildə Bakıda törətdiyi vəhşiliklərdən 28 il ötür. İllər keçsə də tarixə 20 Yanvar faicəsi kimi düşmüş bu hadisə yaddaşlardan silinmir. Əksinə, hər il hadisələrin il dönümündə yenidən qaysaqlanır. 137 nəfərin şəhid olduğu, 600-dən artıq insanın yaralandığı bu hadisələrin birbaşa təşkilatçısı “qırmızı imperiya” – Moskva, Kreml idi.
Hadisələrin ildönümü ərəfəsində faicə şahidləri ilə həmin günlərə yenidən qayıdırıq. 20 Yanvar Əlilləri Cəmiyyətinin Binəqədi rayon təşkilatının sədri Ağarza Xankişiyev hafta.az-a açıqlamasında 28 il əvvəl baş verənləri sovet ordusunun Azərbaycan xalqına qarşı amansızlığı kimi qiymətləndirib. Həmsöhbətimiz deyir ki, yanvarın 18-də yaşadığı Biləcəri istiqamətindən başlayaraq barrikadalar qurulmağa başladı. Bu hadisədən gün yarım əvvələ təsadüf edirdi:
“Barrikadar qurulmasının bircə məqsədi olub; söhbət gəzirdi ki, sovet ordusu Biləcəri istiqamətindən Bakıya daxil olacaq. Mülki insanlara atəş açılacaq. Əvvəlcə buna inanmadıq. Buna baxmayaraq, həmin qoşunların şəhərə daxil olmaması üçün barrikadalarımızı da qurduq. 19-u gecə hər kəs barrikadaların yanında dayanmışdı. Heç kim evə getməmişdi. Tanklara maneə olmağa çalışırdıq. Hər kəs ayıq-sayıq amma əliyalın durub gözləyirdi. Tankların əsas giriş istiqaməti də mənim yaşadığım yerdən - Biləcəri qəsəbəsindən idi. Bizim əsas məqsədimiz barrikadaların müdafiəsini təşkil etmək, sovet qoşunları onları yarıb girməyə çalışarsa, bunun qarşısını almaqdan ibarət olmuşdu. Həmin qoşunların böyükləri gəlib bizə yaxınlaşdı. Söhbət yanvarın 19-u gecədən gedir. Dedilər ki, qorxmayın atəş olmayacaq. Bizi inandırdılar, aldatdılar. Sonra da əliyalın insanlara atəş açdılar”.
Ağarza müəllim qeyd edir ki, təkcə Biləcəri istiqamətində birinci atəş mərhələsində 110 nəfər yaralanıb. Yanvarın 22-ə qədər kimin harada olmasından xəbər tuta bilməyiblər. Şəhidlərin dəfnindən sonra barrikadanın müdəafiəsini təşkil edən yoldaşları ilə rabitə əlaqəsini qismən bərpa etmək mümkün olub:
“Onu da deyim ki, yanvarın 19-dan 26-na qədər şəhərdə atışma davam edirdi. Biləcəridə “Günəş” kafesi vardı, ayın 25-i oranı partlatdılar. Həmin gecə əmim oğlu mənimlə bir yerdə idi. Qolundan vurmuşdular. İndi rəhmətə gedib. Sonra Biləcəridə bir dostum vardı. O, da ağır yaralanmışdı. Onda dostumun 55, mənimsə 36 yaşım var idi. İndi dostum dünyasını dəyişib. Həmin barrikadaların müdafiəsinə qalxanlar vətən üçün alışıb-yanan, canını qoymağa hazır olan insanlar idi. Yerində keçinən Fəxrəddin İsayev idi. Mənim qonşum olmuşdu. Gəlib bizim yanımızda növbə çəkirdi. Güllələdilər. Yaralananlar çox oldu. Mustafayev Qabil adında bir oğlan vardı. Onu da qolundan vurdular. O vaxt bir–birimizi tanımırdıq. Bizi də elə həmin hadisələrdən sonra birləşdirən qan qardaşlığı oldu. Daha yaxın münasibətlərimiz formalaşdı”.
Müsahibimin sözlərinə görə, hadisələrdən üç-dörd ay sonra 20 Yanvar hadisələri ilə bağlı ümumrespublika cəmiyyəti yarandı. 1992-ci ildə də Binəqədi rayon cəmiyyəti formalaşdırıldı. Ağarza Xankişiyev 1990-cı ilin yanvarın 19-da Azərbaycan dilində onlarla danışan, əliyalın müdafiəçiləri aldadan mayorun onları aldatdığını xüsusi vurğulayır:
“Uzunsaçlı “noyomnik”lər vardı. Biz onları Biləcəri tuneli deyilən tərəfdə saxlamışdıq. Onların içərisində hərbçi vardı. Rütbəsi mayor idi. Bizimlə Azərbaycan dilində danışırdı. Bizi o aldatdı. Dedi ki, bu əsgərlər sizi müdafiə etməyə gəliblər. Sizə atəş açmayacaqlar. Elə ilk atəşi açıb Biləcəri istiqamətindən şəhərə daxil olanlar da onlar oldu. Həmin döyüşçülərin içərisində ermənilər də, ruslar da, “qıyıqgözlər” də var idi”.
Faicədən bi həftə əvvəl də Bakıya tankların daxil olduğunu söyləyən həmsöhbətimiz, 20 Yanvar faciəsinin qaçılmaz olduğunu bildirir:
“Yanvarın 13-dən sonra Bakıda iğtişaşlar oldu. Həmin vaxtdan sonra polislər əhalidən silahları yığdılar. Hamımız əliyalın idik. Ondan əvvəl də silahımız olmayıb. Amma yanvarın 13-ə qədər biz belə bir şey olacağını ağlımıza belə gətirmirdik. Həmin gündən başlayaraq Bakıya ordu yeridilməsi ilə bağlı söz-söhbət yayılmağa başladı. Həmin vaxt bir qrup tank paytaxta daxil oldu. Bir bölük əsgər idi. O zaman – birinci dəfə tanklar şəhərə daxil olanda camaat tankların lüləsinə bər-bəzək taxırdılar. Onda heç bir atışma olmadı. Bir həftə sonra “noyomnik”lər şəhərə daxil oldu. Nəticədə böyük bir faciə oldu. Xeyli sayda insan dünyasını dəyişdi. Yanvarın 13-dən sonra faciənin baş verməsi qətiləşmişdi. Aydındır ki, o zamankı imperiya erməniləri dəstəkləyirdi. Həmin vaxt toqquşmalar oldu. İmperiya bir şeyi bəhanə edib onsuz da şəhərə daxil olacaqdı. Bu mənim subyektiv fikrimdi”.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib. Dinc əhaliyə divan tutulub.
Yüzlərlə insan qətlə yetirilir, yaralanır və itkin düşür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirir. 20 nəfəri ölümcül yaralanır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilir.
Qara Yanvar hadisələri 131-170 nəfər mülki şəxsin qətlə yetirilməsi ilə nəticələnir.