Sabiq nazirlərdən kim deputat olmaq istəyir?

15-09-2015, 21:42           
Sabiq nazirlərdən kim deputat olmaq istəyir?
Bu ilin payızında keçiriləcək parlament seçkilərində sabiq nazirlərdən bəziləri iştirak edə bilər.

Vertikal.az xəbər verir ki, onlar bu istəklərini hələlik açıqlamasalar da, mandat uğunda mübarizəyə baş vuracaqları istisna olunmur.

Mətbuatda sabiq təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun noyabrın 1-də keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak edəcəyi istisna edilmir. İddia edilir ki, keçmiş nazir 16 saylı Yasamal II Seçki Dairəsindən namizədliyini irəli sürmək niyyətindədir.

Məsələ ilə bağlı Misir Mərdanov Azvision.az-ın sualını cavablandırıb. Məlum olub ki, 68 yaşlı professor deputat olmaq fikrində deyil:

“Xeyr, deputatlığa namizəd olmayacağam. Belə bir niyyətim yoxdur. Bu haqda mətbuatda fikrimi bildirmişəm. Deyilənlər doğru deyil”.

Bir müddət öncə mətbuatda 1996-2006-cı illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə isə Azərbaycanın Belarusda səfiri olmuş Əli Nağıyevin deputatlığa namizədliyini verəcəyi ilə bağlı xəbərlər dolaşıb. Lakin sabiq nazir açıqlamasında bildirib ki, millət vəkili olmaq barədə düşünməyib:

“Bu ilki parlament seçkilərinə qatılmağı qarşıma məqsəd qoymamışam. Ümumiyyətlə, bu barədə heç vaxt düşünməmişəm”.

1999-2006-cı illərdə maliyyə naziri postunu tutmuş Əvəz Ələkbərovun da bu il parlament seçkilərində mandat qazanmaq istədiyinə dair iddialar var. Ələkbərov son illərdəki müsahibələrində yenidən vəzifədə çalışmaq arzusunu gizlətməyib.

2015-ci ildə parlamentdə təmsil olunmaq istəyən sabiq nazirlərdən biri də Fikrət Yusifovdur. Vaxtikən maliyyə naziri olmuş 58 yaşlı iqtisadçı bu barədə hələlik heç bir açıqlama verməyib.

Digər sabiq məmurlardan deputat olmağa namizəd sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, sabiq millət vəkili Nizami Xudiyevin adı hallanır. Sonuncu bir müddət öncə verdiyi açıqlamasında 1 noyabr seçkilərində iştirakının gözlənilməz olmadığını demişdi: “Bu il keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi verib-verməmək haqqında hələ ki bir qərara gəlməmişəm. Qərara gələn kimi özüm bu haqda məlumat verəcəyəm. İndi isə heç nə deyə bilmərəm. Mənim deputatlığa namizəd olub-olmamağımın mətbuatda işıqlandırılmasını məqsədəuyğun hesab etmirəm. Hələ vaxta var. Hər şeyi zaman göstərəcək”.

Yada salaq ki, Nizami Xudiyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olub.

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun da adı Milli Məclis üzvlüyünə iddia edənlər sırasında çəkilir. Hazırda YAP-ın Yasamal rayon təşkilatının sədri olan Əhmədov elə bu rayondan da millət vəkilliyinə namizəd olmaq istəyir. Ancaq sabiq “metro şefi”i bununla bağlı açıqlama verməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.