Bakıda tanınmış həkimi intim həyatı ilə necə şantaj etdilər? - ŞOK İFADƏLƏR

13-09-2018, 20:47           
Bakıda tanınmış həkimi intim həyatı ilə necə şantaj etdilər? - ŞOK İFADƏLƏR
Bakıda tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Sübhan Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılıb.

İstintaqla müyyən edilib ki, Cəfərov Sübhan Əbil oğlu qardaşı Sərxan Cəfərovla birgə məhşur klinikanın həkimi Nigarın (ad şərtidir) qeyri rəsmi şəkildə birgə yaşadığı Əhmədlə(ad şərtidir) münasibətindən xəbər tutub. O, əldə etdiyi məlumatlardan istifadə edərək Nigarı yaxın qohumlarına, işlədiyi kollektivdə rüsvayedici məlumatlar yayacağını, üzərinə sulfat turşusu atacağını, azyaşlı uşaqlarını oğurlayacağını bildirərək, ondan hədə-qorxu ilə pul tələb ediblər. İki qardaş Nigardan bu yolla ümumilikdə 6850 manat pul alıb.

Bundan başqa Sübhan Cəfərov Nigarı yenidən şantaj edərək onun Əhmədlə olan intim münasibətini keçmiş həyat yoldaşı və valideynlərinə göndərəyi ilə hədələyib və ondan daha 2500 manat pul tələb edib. Bundan sonra Nigar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Şikayət əsasında Sübhan Cəfərov Nigardan 2300 manat pul alarkən yaxalanıb.

Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Sübhan Cəfərov özünü təqsirli bilməyib. O bildirib ki, Nigarı tanışları olan Aytən (ad şərtidir) adlı qızın vasitəsi ilə tanıyıb: “Aytən zəng elədi, dedi bir məsələdə köməyiniz lazımdı. Qardaşım Sərxanla birlikdə Aytənlə görüşə getdik. Bir mənzilə gəldik. Aytən rəfiqəsi Nigarla bizi tanış elədi. Nigar dedi ki, bir ilə yaxın müddətdə Əhməd adlı bir şəxslə münasibəti olub və həmin oğlan bunu aldadıb. 1500 manat pul və bahalı hədiyyələri geri qaytarmır. O, bizdən Əhmədi tapmağımızı həmin pulu və hədiyyələri almağımızı istədi. Həmçinin, Əhməd gəlib Nigarı aldatdığı üçün ondan üzr istəməli idi. Bunun müqavilində bizə 500 manat pul verəcəyini vədd etdi. Biz də razılaşdıq. Əhmədin nömrəsini ondan aldıq”.

Təqsirləndirilən şəxs bildirib ki, Əhmədlə görüşüb onu razı salıblar: “Əhmədi başa saldıq. Bizimlə birlikdə Nigarın hüzuruna gəldi. O, Nigardan etdiyi yalnış hərəkətlərə görə üzr istədi və yaxın günlərdə pulu, bahalı hədiyyələri geri qaytaracağına söz verdi. Biz birlikdə həmin evdən çıxdıq. Üstündən iki gün keçmiş Əhməd zəng edib Nigarla görüşmək istədiyini və 500 manat pul qaytarmağa gücü catdığını dedi. Qalan pulu isə bir qədər sonra qaytaracaqdı. Nigar 500 manat pulu Əhməddən aldı. Amma sonra onu tapa bilmədik. Mən və qardaşım heç vaxt Nigardan pul tələb etməmişik, ondan pul almamışıq”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Nigar tanınmış xəstəxanların birində həkim nevrapotoloq vəzifəsində işlədiyini deyib: “2005-ci ildə ailə həyatı qurdum, iki övladım var. 2011-ci ildə isə həyat yoldaşımdan boşandım. Təxminən 2015-ci ilin əvəllərində dərman satışı ilə məşğul olan Əhmədlə tanış oldum. Aramızda münasibət yarandı. Görüşməyə başladıq. Qeyri-rəsmi şəkildə ər-arvad münasibətlərimiz vardı. Əhməd hərtərəfli qayğı və diqqət göstərirdi. Onunla ailə qurmaq niyyətim vardı.Yalnız bir müddət sonra Əhməd heç bir səbəb olmadan yavaş-yavaş münasibətləri soyutmağa və məndən uzaqlaşmağa başladı. Hətta telefon zənglərimə belə cavab vermirdi. Məndən ayrıldı. Həyat yoldaşımdan ayrıldıqdan sonra heç kimi həyatıma buraxmadığım halda, birdən-birə etibar edib ümidlərimi bağladığım, hər bir qayğısını çəkdiyim Əhmədin kişiyə yaraşmayan şəkildə hərəkət etməsi, bir qadın kimi məndən maddi cəhətdən yararlandıqdan sonra heç bir üzrxahlıq etmədən bu şəkildə məni atması çox pis təsir etdi. Özümü təhqir olunmuş, alçaldılmış hiss etdim”.

Zərərçəkən həkim qeyd edib ki, Aytən adlı rəfiqəsi ilə bu barədə söhbətləşərkən Əhmədə qarşı acıqlı olduğunu deyib: “Ona çox qəzəbliydim. Münasibətdə olduğum zaman Əhmədə müntəzəm olaraq geyim əşyaları almışdım, habelə 1.500 manat borc pul vermişdim. Lakin ayrılandan sonra həmin hədiyyələri və borcu ondan istədim. Lakin qaytarmırdı. Söhbət əsnasında Aytən özünün Sübhan və Sərxan adlı tanışlarının olduğunu, həmin şəxslərin “avtoritet” olduqlarını, Əhmədi cəzalandıra biləcəklərini dedi. Həmin vaxtı qəzəbimdən Aytənə həmin adamlarla danışmağını və görüş təyin etməyini istədim. Sabah axşam saatlarında Sübhan və Sərxan bizim evə gəldi, onlarla oturub məsələni danışdım. Onlar mənə kömək edəcəklərini, pulun və hədiyyələrin qaytarılacağını vəd etdilər. Sübhan məndən 100 manat pul istədi, mən də verdim”.

Nigar bildirib ki, 2-3 gün sonra Sübhan və Sərxan söz verdikləri kimi Əhmədlə onun evinə gəlib: “Əhməd elədiyi hərəkətlərə görə üzr istədi və pulu, hədiyələri yaxın zamanda qaytaracağını dedi. Əhməd çıxıb getdi. Mən Sübhan və Sərxandan Əhmədi necə razı saldıqlarını soruşanda dedilər ki, yalnız söhbət ediblər. Bir iki gün keçdi, Sübhan zəng elədi ki, Əhməd 500 manat pul verib. Dedim, həmin pulu mənə etdiyiniz yaxşılığa görə onlara bağışladım. Bir neçə gün keçəndən sonra Sübhan yenə zəng elədi. Dedi ki, Əhməd onlardan “Bandottel”ə şikayət edib. Qardaşının tutulduğunu və işgəncəyə məruz qaldığını, onu qutarmaq üçün 7 min manat pul gərək olduğunu dedi. Narahat qaldım, Sübhan dedi ki, 800 manat pulları çatmır. Dedim pul yoxdu, başladı şantaj elədi. Dedi ki, sənin günahın ucbatından zibilə düşüblər. Pulu verməyəcəyim təqdirdə Əhmədlə olan yaxın münasibətimi keçmiş həyat yoldaşıma, valideynlərimə, tanıdığı bütün digər yaxın qohumlarım deyəcək. Sübhanın bu sözlərindən sonra bərk qorxuya düşdüm. Zəif yerimi yaxşı tutdular. Əlacsız qaldım, dedikləri pulu Sübhana verdim. Bundan iki gün sonra Sübhan zəng vuraraq yenidən hədələməyə başladı və şəxsi borcunun olması ilə əlaqədar məndən daha 300 manat pul tələb etdi. Yenə də çarəsiz vəziyyətdə qaldığım üçün pulu verdim”.

Zərərçəkən qadın deyib ki, hədələr bununla yekunlaşmayıb: “Bir neçə gün keçməmiş Sübhan zəng edib 1000 manat tələb etdi. Keçmiş ərimin iş yerini öyrəndiyini, hər şeyi ona danışacağını söylədi. 1000 manat pul düzəltdim və Sübhana verdim. Həmin vaxtdan təxminən 10 gün keçməmiş Sübhan yenə zəng edərək 2400 manat pul istədi. Güya Sərxan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularkən cibində 2400 manat pul olduğundan, həmin pul isə idarənin əməkdaşları tərəfindən götürüldüyündən həmin pulu da ondan tələb etdiyini bildirdi. Sübhan pulun 1200 manatını dərhal, 1200 manatını isə 10 gün ərzində ondan alacağını bildirdi. Pulu verə bilməyəcəmi dedim. Sübhan bu dəfə üzümə sulfat turşusu tökəcəyi ilə hədələdi. Sübhanı və Sərxanı cinayətkar aləmlə bağlı olan şəxslər kimi qəbul etdiyimdən dediklərini edəcəyinə inanırdım. 1200 manatı onlara göndərdim. Rəfiqəmin oğlu ilə 10 gün sonra yenidən 1000 manat göndərdim. Hədələr bitmirdi. Hər gün bir bəhanə tapıb məni şantaj edirdilər. Oğlumu oğurlayacaqları ilə hədələyirdilər. Artıq canımdan bezmişdim. Polisə müraciət etdim. Pulu verən yerdə gəlib tutdular”.

Yazıda adı keçən Əhməd də ifadə verib. O, dindirilən zaman qeyd edib ki, dərman şirkətində işlədiyi müddətdə müxtəlif xəstəxanalara getdiyindən çoxsaylı həkimlərlə tanışlığı yaradıb: “Həkim nevropatoloq Nigarla tanış olmuşdum. Onun həyat yoldaşından ayrıldığını, iki övladı ilə yaşadığını bildim. Sonra aramızda münasibəti daha da yaxınlaşdı. Qadın-kişi kimi münasibətlərmiz davam etdi, müntəzəm görüşməyə başladıq. O, mənə hədiyyə olaraq müxtəlif geyim əşyaları, hətta ad gününə çox bahalı mobil telefon aldı. Nigardan həmin ərəfədə borc pul da aldım, həmin pulu hissə-hissə qaytardım. Aramızda yaş fərqini və digər halları nəzərə alaraq özlüyümdə bunun müvəqqəti bir məsələ olacağı qənaətində olmuşam və sonralar yavaş-yavaş Nigar ilə münasibətlərini soyutmağa başladım. Sonra tam ayrıldım. Bu ayrılıq psixoloji olaraq Nigara çox pis təsir etdiyini hiss etsəm də, artıq münasibətlərə qəti son qoymaq qərarında olduğumdan onunla bütün əlaqələrimi, hətta telefon zənglərini belə kəsdim. Nigar o qədər buna qəzəblənmişdi ki, iş yerimə də bu barədə məlumat verdi. Hətta məni işdən çıxartdılar”.

Əhməd qeyd edib ki, bir müddət sonra bir nəfər ona zəng edərək görüşmək istədiyini deyib: “Adlarını sonradan bildiyim Sərxan və Sübhan adlı şəxslər mənə Nigardan üzr istəməli olduğumu, aldığım pulu da geri qaytarmalı olduğumu dedilər. Müəyyən danışıqlardan sonra Nigar ilə görüşüb üzr istəməyə razılaşdım və cəmi 500 manat da pul qaytara biləcəyimi dedim. Bir neçə gün sonra 500 manatı Sübhana verdim. Bundan sonrakı məsələlərdən xəbərdar deyiləm”.

Hakimlər kollegiyasının hökmünə əsasən Sübhan Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.