Beyləqanda dəfələrlə mal-heyvan oğurlayan şəxslər saxlanılıb
28-01-2021, 18:04
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən ilin noyabr-dekabr və cari ilin yanvar aylarında rayon ərazisində yerləşən otlaq sahələrindən və tövlələrdən silsilə şəkildə mal-heyvan oğurlayaraq vətəndaşlara zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teref.az-a verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus iribuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər.
Məlumatla əlqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Raci Cəfərov, Beyləqan rayon sakini Əhliman Abbasov və Şamaxı rayon sakini Etibar Nuriyev saxlanılıb.
Araşdırmalarla onların 8 baş iribuynuzlu heyvanı oğurlamaqla rayon sakinlərinə 8750 manat dəyərində ziyan vurduğu müəyyən edilib.
Hər 3 şəxs dindirilmə zamanı törətdikləri cinayət əməllərini etiraf edib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.