Ağdam gözəl məkana çevriləcəkdir

17-11-2021, 16:43           
Ağdam gözəl məkana çevriləcəkdir
44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndən azad etdi. Cənab Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi sayəsində düşməni kapitulyasiya aktına - üçtərəfli bəyanata imzalamağa vadar etdi. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları heç bir itki verilmədən, döyüş əməliyyatları aparılmadan Azərbaycana təslim edildi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.

Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan çıxmasını nəzərdə tutan 853 saylı qətnamə də məhz Azərbaycanın şərtləri ilə icra edildi.

Birinci Qarabağ müharibəsi zamanı düşmən Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı hədəf seçdi. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Ağdamın müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə minlərlə insan şəhid olmuş, yaralanmışdır.

İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edildi. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edildi. Təsadüfi deyil ki, jurnalistlər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırıblar. 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Artıq Ağdam şəhəri bir ildir ki, azaddır. İşğaldan azad edildikdən qısa bir müddət sonra burada bərpa quruculuq işləri başlamışdır və hal-hazırda da davam etdirilməkdədir.

Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qonşuluqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Aysel Mənsimova – YAP üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.