Məhkəmə zalında dəhşətli SPİD etirafı –

Dünən, 17:30           
Məhkəmə zalında dəhşətli SPİD etirafı –
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdən birində müttəhimin SPİD xəstəsi olduğu müəyyən olunub.

Musavat.com xəbər verir ki, müttəhimin xəstəliyi barədə tibbi arayışı məhkəməyə verən vəkili olub.

Vəkil vəsatət verib müvəkkili barədə hökm çıxarılarkən ağır xəstəliyinin olmasını nəzərə alınmasını xahiş edib.

Musavat.com redaksiyasına müttəhimin kimliyi, yoluxdurma ehtimalı olan ən azı bir qadının şəxsiyyəti bəllidir.

Lakin etik səbəblərdən bu məlumatları ictimailəşdirmirik.

Müttəhim həbsinə qədər Bakıda, əsasən Sabunçu rayonu ərazisində kuryerliklə məşğul olub. Hazırda quldurluq cinayətində ittiham olunan bu şəxsin iş üzrə şahid olan qadını SPİD-ə yoluxdurduğu ehtimalı böyükdür. O da məlumdur ki, müttəhim quldurluğa elə həmin qadınla birlikdə gedib.

Məhkəmədə bəlli olub ki, onlar bir müddətdir ki, qeyri-rəsmi münasibətdə olublar. Vəkil müvəkkili barədə tibbi arayışı məhkəməyə təqdim edərkən bu məlumatın yüngülləşdirici hal kimi qiymətləndirilməsini istəyib.

Amma nə baş verib?

Vəkil müvəkkilinin SPİD xəstəsi olduğunu deyərkən həm də onun mübtəla olduğu ağır xəstəliyi bilə-bilə bir qadınla birgə yaşadığını etiraf etmiş olub. Müvafiq olaraq, o qadın ya bu xəstəlik riskinə məruz qalıb, ya da artıq yoluxmuş ola bilər. Ən əsası, müəyyən edilərsə ki, qadın bu riskdən xəbərsiz olub, o zaman bu əməl cinayət tərkibi yaradır.

Belə olan halda müttəhimə əlavə cəza verilə bilərmi? Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ağır xəstəliyi bilə-bilə yaymağa görə məsuliyyət müəyyən olunubmu?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, şəxs SPİD xəstəsi olduğunu bilə-bilə bir qadınla münasibətdə olubsa, bu, narahatlıq üçün çox ciddi əsasdır:

“Çünki bu, artıq təkcə bir şəxsin sağlamlıq problemi deyil, ictimai təhlükəsizlik məsələsidir. Əgər şəxs SPİD xəstəsi olduğunu bilə-bilə başqa biri ilə cinsi əlaqədə olubsa və bu zaman qarşı tərəfi xəbərdar etməyibsə, bu, sadəcə əxlaqi məsuliyyətsizlik deyil, həm də hüquqi məsuliyyət doğura biləcək bir hərəkətdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu kimi hallarla bağlı konkret maddə mövcuddur. Belə ki, Cinayət Məcəlləsinin 140-cı maddəsində insanların İİV (SPİD) infeksiyası ilə yoluxmasına səbəb olan əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulur”.

N.Ələsgərov bildirib ki, əgər şəxs bilərəkdən İİV-lə yoluxduğunu gizlədir və bu yolla digər şəxsin də həmin virusa yoluxmasına səbəb olursa, bu, qanunla cinayət əməli sayılır və təqsirli şəxs azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər:

“Cinayət Məcəlləsinin 140.1-ci maddəsinə görə, İİV infeksiyasının yayılmasına səbəb olan şəxslər 5 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Əgər bu əməlin nəticəsində bir neçə şəxs yoluxubsa və ya bu, ölümə səbəb olubsa, cəza daha da ağırlaşdırılır”.

Natiq Ələsgərov deyib ki, qanun yoluxmanın baş verməsini yox, hətta bu riski yaradan bilə-bilə davranışı da cinayət tərkibi kimi qəbul edir:

“Burada əsas məsələ yalnız xəstəliyin olub-olmaması deyil, şəxsin öz xəstəliyini bilməsi və qarşı tərəfi bu barədə xəbərdar etməməsidir. Əgər bu sübut olunarsa, həmin şəxs barəsində ayrıca cinayət işinin başlanması və ittihamın ağırlaşdırılması mümkündür. Cinayət Məcəlləsində bu hal ayrıca məsuliyyət doğurduğu üçün hazırkı prosesdə bu fakt yeni ittiham irəli sürülməsi üçün əsas yarada bilər. Yəni müttəhim yalnız ilkin cinayətə görə deyil, həm də ictimai təhlükəli xəstəliyin bilərəkdən yayılması və ya risk yaratması faktına görə də mühakimə oluna bilər”.

Natiq Ələsgərovun sözlərinə görə, bu kimi hallarda hüquq-mühafizə orqanlarının araşdırması vacibdir:

“Qadının SPİD-ə yoluxub-yoluxmaması, müttəhimlə hansı dövrdə münasibətdə olduqları, qarşı tərəfin məlumatlandırılıb-məlumatlandırılmadığı və sair detallara aydınlıq gətirilməlidir. Nəticə olaraq SPİD xəstəsi olan şəxsin bu barədə məlumatı olduğu halda kimisə xəbərdar etmədən yaxın münasibət qurması Azərbaycan qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yaradır.

Məhkəmənin bu faktı nəzərə alaraq əlavə hüquqi qiymət verməsi və yeni ittihamların irəli sürülməsi hüquqi baxımdan tamamilə mümkündür. Cəmiyyətin sağlamlığı təhlükədədirsə, hüquq sistemi bu təhlükəyə laqeyd qala bilməz”.

N.Ələsgərov deyib ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə iş üzrə SPİD-ə yoluxma ehtimalı böyük olan qadının da müayinəsi aparıla bilər:

“CPM-in 265-ci maddəsində deyilir ki, ibtidai araşdırma orqanı və ya məhkəmə şəxsin sağlamlığı, infeksion xəstəliklərə yoluxması və ya digər tibbi vəziyyəti ilə bağlı əhəmiyyətli sübutlar əldə etmək üçün tibbi ekspertiza və ya müayinəyə qərar verə bilər. Tibbi müayinəyə yalnız əsaslandırılmış ehtiyac olduqda, məsələn, cinayət işinin predmeti ilə birbaşa əlaqəsi varsa, şəxs barəsində məhkəmə qərarı ilə belə testlərin keçirilməsi mümkündür.

Şahidin SPİD testindən keçirilməsi konkret cinayət işinin sübutları baxımından vacibdirsə, ortada yoluxucu xəstəliklərin ötürülməsi iddiası varsa, məhkəmə qanuna uyğun qərar qəbul edə bilər. Yəni şahidin SPİD testindən keçirilməsi məhkəmə tərəfindən cinayət işinin obyektiv, hərtərəfli və tam araşdırılması üçün zəruri hesab olunursa, bu halda məhkəmə qərarı əsasında belə testin keçirilməsi mümkündür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.