Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir İsrafil Kərimov yazır

17-11-2021, 16:47           
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələbə müraciətində də deyildiyi kimi, bu bəyanat bizim şanlı qələbəmizdir. Müqavilənin şərtlərinə əsasən noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.

Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində demişdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.

Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Rayonda çox sayda tarixi-mədəniyyat abidələri vardır. Təəssüf ki, onların əksəriyyəti işğal dövründə məhv edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.

Artıq dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri böyük sürətlə həyata keçirilir. Vəhşi ermənilərin bu torpaqlarımızda hər şeyi dağıtmalarına baxmayaraq bu ərazilər əvvəlkindən daha yaxşı qurulucaqdır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətində bildirmişdir ki, “Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik”.

Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Ağdam rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanmış baş plan əsasında bərpa olunacaqdır. Ağdam şəhərinin Baş Planı hazırlanıb və 2021-ci 28 may tarixində ölkə başçısının Ağdama növbəti səfəri zamanı həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunub.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.