Ölkəmiz dinamik şəkildə inkişaf edir
20-04-2023, 08:38
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, dünyada nüfüz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.
Cənab Prezident xarici kanallara verdiyi çoxsaylı müsahibələr kimi bu dəfə də 18 aprel 2023-cü il tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkənin xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək bir çox məsələlərə toxunmuşdu.
Dövlət başçısı müsahibəsində bildirmişdir ki, “Bugünkü səfər də ənənəvi bir səfərdir. Mən əvvəlki dövrlərdə Salyan və Neftçala rayonlarında bir neçə dəfə olmuşam və bu səfər çərçivəsində iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Həm gözəl “ASAN xidmət” mərkəzi, bu, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”.
Prezident həmçinin qeyd etmişdir ki, “Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Tam əminliklə deyə bilərəm ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq. Ona görə bu sahədə - ordu quruculuğu və müdafiə potensialımızla bağlı olan bütün məsələlər əsas vəzifədir, bu vəzifə və Qarabağın, Şərqi Zəngəzurun bərpası vəzifəsi. Ona görə biz əsas vəsaiti bu istiqamətlərə yönəldəcəyik, lazım olan digər xərclər də aparılacaq. Yəni, bu, bir daha onu göstərir ki, bilirsiniz, indi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan öz dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra, təbii ki, yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.
Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. Onu bildirməliyəm ki, infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.
Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq.
Bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər - 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Daha doğrusu, cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Bax, quruculuq işlərimiz bu istiqamətdə aparılır və bir daha onu göstərir ki, bizim bütün planlarımız, bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və tapacaq”-deyə diqqətə çatdırmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, illər ərzində bu fəaliyyət çərçivəsində bütövlükdə, görülən bütün bu işlər - həyata keçirilən tədbirlər siyasi birliyin güclənməsini və milli həmrəyliyin möhkəmlənməsini təmin edən çox mühüm amildir.
Aynur Xəlilova - politoloq