Ulu Öndər Heydər Əliyevin milli iqtisadiyyatın inkişafında rolu

20-04-2023, 15:35           
Ulu Öndər Heydər Əliyevin milli iqtisadiyyatın inkişafında rolu
Ulu Öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri minlərlədir. Həm sovet və həm də müstəqillik dövründə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev Azərbaycan Respublikasını ağır böhran vəziyyətində qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Bu Ulu Öndərin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətlərinin olması ilə bağlıdır. Bütün hakimiyyəti dövründə Ulu Öndər iqtisadiyyatın bütün sahələrinin inkişafına nail olmuş və Azərbaycanı aqrar ölkədən sənaye ölkəsinə çevirə bilmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-cı illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970 illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə hazırda da sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoymuş, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirmişdir.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin qarşısında yenə də müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən azad etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu.
Ulu Öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail olundu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı. Onun siyasəti çoxcəhətli, dəyişkən və çevik olmaqla nəinki iqtisadiyyatın, həm də sosial, siyasi və mədəni həyatımızın bütün sahələrini əhatə etdi.
“Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır.” Ulu Öndərin “Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə söylədiyi bu fikirlər bu gün artıq reallıqdır.

Könül Əfəndiyeva – YAP üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.