Heydər Əliyev– azərbaycançılıq ideologiyasının yaradıcısı

2-05-2023, 15:35           
Heydər Əliyev– azərbaycançılıq ideologiyasının yaradıcısı
Ulu öndər Heydər Əliyev öz dühası, qüdrəti, böyüklüyü ilə bəşəriyyətə mənsub olan tarixi şəxsiyyətlərdəndir. Bir fenomen olaraq onun yarıməsrlik tarixi epoxası çağdaş dövrümüzün canlı, şərəfli səhifəsi, bu günümüzə və gələcəyimizə örnək olan bir tarixdir.
Hər bir azərbaycanlının qəlbində yüksək insani dəyərliliyi ilə unudulmaz izlər buraxan, adı zaman və məkan hüdudlarını, yaşadığı dövrün sərhədlərini aşan, ideyaları və əməlləri təkcə dünənin deyil, bu günün və sabahın simasını müəyyənləşdirən misilsiz Öndər, böyük azərbaycanlı, ictimai tarixi fenomen Heydər Əliyevin ömür yolu, zəngin ictimai siyasi fəaliyyəti müasir tariximizdə mühüm və şərəfli mərhələni təşkil edir.
Bu gün fəxarətlə söyləmək olar ki, dünya dövlətlərinə sürətlə inteqrasiya olunan müstəqil Azərbaycan dövləti, onun zəngin mədəni irsi,sivil intellektual potensiala malik xalqımızın çağdaş milli tarixinin son bir qərinəsi Heydər Əliyevin milli mənafeyi hər şeydən uca tutan, vətən və millət sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlı olmuşdur.
Xalqımızı tarixin amansız keşməkeşlərindən uğurla keçirib yaşatmış, inkişafa istiqamətləndirmiş, daim onun öz taleyinin hakimi olmasına çalışmış Ulu Öndərin on illərlə apardığı mükəmməl islahatlar, dövlət quruculuğu prosesinin bütün vacib məqamlarını və elementlərini özündə ehtiva edən idarəetmə sistemini yaratması Azərbaycan uğrunda aparılan cahanşümül işlərin ana xətti sayıla bilər. Məhz bu siyasətin nəticəsidir ki, müasir Azərbaycan dünyada öz layiqli yerini tutaraq möhkəmlənməkdə və getdikcə regionun böyük perspektivləri olan bir dövlətə çevrilməkdədir.
Müstəqil dövlətçiliyin qorunub saxlanılmasını, vətəndaş birliyinin yaradılmasının milli-mənəvi və konseptual əsaslarını da məhz dahi Şəxsiyyət Heydər Əliyev müəyyənləşdirdi, ən başlıcası isə müstəqil dövləti vətəndaşların xidmətinə təqdim etməyin əsl nümunəsini göstərdi.
Heydər Əliyevin ömür yoluna nəzər saldıqda görürük ki, onun bir addımı belə boş yerə atılmayıb. Usanmadan qurub yaratmaq yazılmışdır bu fədakar ömrə. Tariximizə millət atası, milli varlığımızın daşıyıcısı kimi düşən böyük Öndər dünya siyasətinə Azərbaycan adlı bir dövləti qürurla, xalqının əzəmətli tarixinə, zəngin mədəniyyətinə və istedadına güvənərək təbliğ etdi, tanıtdı. Beynəlxalq siyasətin bütün mürəkkəblikləri, ziddiyyətləri, gizli çəkişmələri fonunda vəziyyətdən asılı olmadan, öz siyasi istedadına, məntiqinə, çevik manevrlərinə, uzaqgörənliyinə, nüfuzuna güvənərək yalnız və yalnız Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarını müdafiə etdi. Dünyanın hansı dövlətinə getdisə, onun məntiqinə, siyasi ustalığına, yüksək intellektinə, qeyri-adi yaddaşına heyran qaldılar.
Heydər Əliyev zəngin təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi prinsipini dövlət siyasətinin əsas prioritetinə çevirdi. Həyatın bütün sahələrinin dinamik inkişafı, tikinti-quruculuq işlərinin görünməmiş vüsət alması, kənd və şəhərlərimizin simasının əsaslı şəkildə dəyişməsi, elm, təhsil, mədəniyyət, səhiyyə və bütün sahələrin güclü yüksəlişi, xalqın həyat şəraitinin durmadan yaxşılaşması ilə ölkənin iqtisadi və siyasi həyatında dönüş yaratdı, yeni bir mərhələ başladı.
Ulu Öndər ölkənin gələcəyini zəngin maddi sərvətlərdə deyil, haqlı olaraq məhz insan kapitalının formalaşmasında görür və bu da onun dünyadakı müasir inkişaf meyillərini düzgün qiymətləndirməsindən xəbər verirdi. Həyata keçirdiyi tədbirlər deməyə əsas verirdi ki, respublikamız dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil, məhz bilik, informasiya texnologiyaları, elm tutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının formalaşması sayəsində təmin edəcəkdir.
Bu gün tam əminliklə söyləmək olar ki, Heydər Əliyevin milli maraqlara söykənən inkişaf strategiyası nəinki Azərbaycanın XXI əsrdəki inkişafının əsasını qoydu, həm də ölkənin bütün resurslarını hərəkətə gətirərək yeni inkişaf mərhələsinə yol açdı və beləliklə onu Cənubi Qafqazın lider dövlətinə çevrilməsində həlledici rol oynadı.
Heydər Əliyev dövlətin daha bir təməl prinsipini – azərbaycançılıq ideologiyasını yaratmışdır. Məhz bu ideologiya sayəsində biz milli ideya, milli mənlik şüuru, milli identiklik, milli kimlik, millətin mədəniyyəti və digər mühüm anlayışları yeni tərzdə dərk etməyə başladıq. Ümummilli Liderin əzmkarlığı sayəsində Azərbaycan haqqında tarixi həqiqətlərin bərpa edilməsi üçün çox böyük elmi tədqiqat işləri aparılmış və bunun nəticələri göz qabağındadır.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi və iqtisadi stabillik, dövlətçilik ənənələri möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə prezidentliyi dövründə daha da inkişafı və möhkəmlənməsi təmin edilmiş, xarici siyasət konsepsiyasında müdafiə mövqeyindən aktiv fəaliyyətə keçidi təmin etmək üçün ciddi ugurlara imza atılmlşdır.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır. Bunu 44 günlük şanlı Vətən müharibəsində müzəffər Ali Baş Komandanın, rəşadətli ordumuzun və müdrük xalqın qazandığı parlaq gələbə bir daha təsdiq edir. Xalqımız Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.