Şuşadan dünya ictimaiyyətinə verilən vacib mesajlar
5-05-2023, 15:22
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.
Sözügedən konfransda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı çıxışında regional proseslər, iqtisadi və siyasi məsələlər, o cümlədən Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
Çıxışında Ulu Öndər Heydər Əliyevin həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olduğunu vurğulayan dövlət başçımız bildirmişdir: “Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”
Konfrans iştirakçılarının tədbirdən sonra Şuşa şəhəri ilə tanış olacaqlarını vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Siz bizim görüşdən sonra şəhərə ekskursiya edəcəksiniz və özünüz görəcəksiniz ki, işğal dövründə Şuşa demək olar, tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır”.
Prezident İlham Əliyev konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını vurğulayıb: “Onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər. Mən erməni həmkarımla danışıqlarımda çalışıram ona izah edim ki, ilk növbədə sülh sazişi onların marağına xidmət edir. Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur”.
Aysel Mənsimova - politoloq