Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konfrans keçirilib - FOTO
10-05-2023, 16:23
Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konfrans keçirilib
TEREF.AZ: - Konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,
Azərbaycan Respublikası Milli Məclisinin sədrinin 1-ci müavini Əli Hüseynli,
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun idarə
müəssisələrinin rəhbərləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər,
veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu barədə DİA.AZ-a yerli RİH-dən informasiya verilib.
Əvvəlcə konfrans iştirakçıları və rayonun idarə, müəssisələrinin
kollektivləri, Ulu Öndərin Yevlax şəhərinin mərkəzindəki abidəsini ziyarət
ediblər. Abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin müqəddəs
xatirəsinə öz ehtiramlarını bildiriblər.
Sonra konfrans İqtisadiyyat Nazirliyi Aran Regional Bölməsində davam
edib. İdarənin foyesində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif
dövrlərini əks etdirən şəkillərdən ibarət sərgiyə baxış keçirildikdən sonra
konfrans işinə davam edib. İlk öncə Dövlət Himni səsləndirilib.
Konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev
dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına,
ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik Ümummilli
Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən,
şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edən
geniş məruzə ilə çıxış edib.
Şəhər rəhbəri öz çıxışında qeyd edib ki, Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi
sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu
müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə
və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm
qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan
Heydər Əliyevin ideyalarının təntənəsidir.
Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərindən danışan
Anar Tağıyev qeyd edib ki, Ulu Öndərin quruculuq, tərəqqi yönümlü
fəaliyyəti Azərbaycanın bütün bölgələri kimi Yevlax şəhərində də özünü
aydın göstərib. Heydər Əliyevin böyük təşkilatçılıq və müdrik liderliyi ilə
ötən əsrin 70-ci illərindən etibarən Yevlax tək Azərbaycanın deyil, bütün
Qafqazın güclü sənaye mərkəzlərindən birinə çevrildi. Yevlaxda həmin
illərdə yaradılan Qafqazın iri sənaye müəssisəsi olan Yunun ilkin emalı
fabriki, həmçinin Pambıqtəmizləmə, Tütün fermentləmə, Dəmir beton
məmulatları və digər zavodlar, kombinatlar, onlarla iri müəssisə və digər
iqtisadi subyektlər geridə qalmış Yevlaxı yüksələn şəhərə döndərdi.
Heydər Əliyev 1969-1982-ci illərdə, yəni birinci hakimiyyəti dörvündə
Yevlaxda 4 dəfə səfərdə olub. Hər səfəri zamanı rayon əməkçiləri ilə
görüşüb, onların qaldırdıqları problemləri dinləyib, sakinlərin müxtəlif
məzmunlu müraciətlərinin həlli istiqamətdə əməli işlər həyata keçirib. Belə
ki, sakinlərin müraciət əsasında yeni yeni məktəb binaları, mədəniyyət
obyektləri, kənd həkim məntəqələrinin tikintisi üçün göstəriş verib və işlər
uğurla həyata keçirilib.
Ulu Öndər Heydər Əliyevin başladığı islahatların nəticəsi olaraq
tariximiz ərzində ilk dəfə məhz Heydər Əliyevin hakimiyyəti dövründə
torpaqlar təmənnasız olaraq kəndliyə verildi. Tədricən yeni dövrün
tələblərinə uyğun olaraq torpaq üzərində yeni mülkiyyət formaları, yeni
əmək münasibətləri formalaşdı, təsərrüfatlara yeni nəfəs verildi.
1993-cü ildə Azərbaycanda hakimiyyətə yenidən qayıdan Ulu Öndər
Heydər Əliyev ölkəni parçalanmaqdan xilas etdi. Müstəqilliyimizi qorudu,
müasir dövlətçiliyimizin sarsılmaz əsaslarını formalaşdırdı. Bu güclü
potensial üzərində Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini
yaratdı. Müasir çağırışlar, trendlər əsasında məqsədyönlü islahatlar tətbiq
etdi. Dövlətimiz qüdrətləndi, xalqımız gücləndi. Beləliklə, tarixin ən qüdrətli
Azərbaycanı yarandı. Daima Azərbaycanı müstəqil görmək arzusu ilə
yaşayan və bütün dövrlərdə milli mənafelərin təminatçısı olan Heydər
Əliyevin dövlətçilik strategiyasını müvəffəqiyyətlə davam etdirən möhtərəm
Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət
güclü və qüdrətli Azərbaycanı parlaq gələcəyə, işıqlı sabahlara və yeni-yeni
zəfərlərə doğru aparmaqdadır.
Heydər Əliyevin xilas etdiyi, möhkəm təməllərini yaratdığı dövlətimizi
Prezident İlham Əliyev qalib dövlətə çevirdi. Heydər Əliyevdən İlham
Əliyevə ötürülən bu şərəfli dövlətçilik salnaməsi hər birimizin qürur
mənbəyimizdir. İndi bütün azad edilmiş torpaqlarımızda Azərbaycan
bayrağı qürurla dalğalanır. Vətən Müharibəsində əldə olunan Böyük Zəfər
də məhz Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi idi.
Bu günün Azərbaycanı möhtəşəm, qüdrətli dövlətdir. Bu günün
Azərbaycan xalqı inamlı, əzmli, güclü xalqdır. Əldə etdiyimiz nailiyyətlər,
uğurlar məhz Heydər Əliyev dühasının bəhrələridir. Heydər Əliyevin siyasi
müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti, beynəlxalq nüfuzu olmadan
bütün bunları əldə etmək mümkünsüz idi.
Şəhər rəhbəri qeyd etdi ki, nə qədərki Azərbaycan var, Heydər Əliyev
də var. Heydər Əliyev isə Azərbaycanda əbədi var olacaq.
Sonda Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin
dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarx nümayiş olunub.