Növbəti Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır
16-05-2023, 12:48
May ayının 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sayca beşinci görüş baş tutdu. Görüşün yekunları ilə bağlı Şarl Mişelin bəyanatına əsaslanaraq demək olar ki, danışıqlar Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi şərtlər daxilində keçib və bu diplomatiyamızın növbəti qələbəsidir.
Görüşdə bir sira məqamlar diqqət çəkib. Vurğulanıb ki, Laçın rayonu ərazisində, şərti dövlət sərhədindən nəzarət-buraxılış məntəqəsinin qurulması beynəlxalq hüququn normalarına uyğundur. Qarabağ ermənilərinin problemləri isə Azərbaycanın daxili işidir. Nəticə etibarilə əvvəlki görüşlərdə olduğu kimi, beşinci Brüssel platforması da Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.
Qeyd edilməlidir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkil etdiyi format ölkəmizin siyasi, iqtisadi maraqlarına cavab verir. İndiki zamanda Azərbaycanın Avropa üçün əhəmiyyətini, nə demək olduğunu Şarl Mişel də başa düşür və sülhyaratma prosesinə ciddi yanaşır. Lakin Ermənistanın mövqeyi danışıqlar prossesində problemlər yaradır.
Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı açıqlaması Brüssel platformasında aparılan müzakirələrin rəsmi Bakının prinsipial mövqeyinə və təbii ki, bu mövqeyin söykəndiyi reallıqlara, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bir şəkildə davam etdirildiyini sübuta yetirir.
Ermənistan tərəfinin son zamanlar daha çox gündəmə gətirdiyi 1975-ci ilin xəritələri ilə bağlı iddialarına baxmayaraq, Avropa İttifaqı Şurası Prezidentinin yekun bəyanatında mahiyyət etibarilə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu ifadə edən “Alma-Ata Bəyannaməsi”nə istinad edilməsi İrəvanın növbəti dəfə tarixi və hüquqi reallıqlarla və təbii ki, Bakının mövqeyi ilə barışmaq məcburiyyətində qaldığını təsdiqlədi.
Şarl Mişelin üçtərəfli görüşün nəticələri ilə bağlı yekun bəyanatında diqqətçəkən önəmli məqamlardan biri də Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ən azı 86,6 min kvadratkilometr ərazisini rəsmən və açıq şəkildə tanıdığını bəyan etdiyinin vurğulanmasıdır.
Avropa İttifaqı Şurası Prezidentinin yekun bəyanatında Laçın yolu ilə bağlı da heç bir ifadə yer almayıb və bu amil Azərbaycanın öz suveren ərazilərində tətbiq etdiyi hüquqi prosedurlar nəticəsində yaranan reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu göstərir.
Şarl Mişelin bəyanatında nəzərəçarpan önəmli məqamlardan biri də Azərbaycanın erməni əsilli sakinləri ilə bağlı yanaşmadır. Burada da söhbət Azərbaycan ərazisində - Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsizliyi”ndən, erməni əsilli şəxslərlə rəsmi dövlət təsisatlarının gələcək reinteqrasiya prosesi müstəvisində aparacağı dialoqdan gedir.
Rəsmi Bakı Azərbaycanın erməni sakinlərinə ölkə Konstitusiyası çərçivəsində bütün hüquqların veriləcəyini bəyan edib. Bu baxımdan, Azərbaycanda yaşayan ermənilərə hər hansı bir statusun verilməsindən söhbət belə gedə bilməz. Azərbaycan ərazisində yaşayan hər kəsin hüquqlarına və təhlükəsizliyinə, onların milli, irqi və dini mənsubiyyətlərindən asılı olmayaraq, konstitusiya çərçivəsində təminat verilir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası