Paytaxtda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

26-05-2023, 08:05           
Paytaxtda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş paytaxtın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsinə yekun vurulub.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqə 2 mərhələdə keçirilib, paytaxtın bütün rayonlarında keçirilən mərhələdə qalib elan edilən rəsm əsərləri şəhər mərhələsinə təqdim edilib. Ümumilikdə isə, ilkin mərhələdə 250-dən çox ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi öz rəsmləri ilə iştirak edib və həmin mərhələdə seçilən rəsmlər müsabiqənin şəhər mərhələsində nümayiş etdirilib.
Bayramsayağı bəzədilmiş “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndəri düşünərkən” adlı rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun mərasimi təşkil edilib. İştirakçıların rəsmləri tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayişi zamanı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.
Məktəblilərin müxtəlif mövzularda təqdim etdiyi rəsmlərin qiymətləndirilməsi Azərbaycan Rəssamlar İttifaqının, Rəssamlıq Akademiyasının peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsabiqənin şərtlərinə əsasən 3 qalibə pul mükafatı, 7 nominasiya üzrə qaliblərə sertifikatlar, müsabiqədə fərqlənən 30 iştirakçıya təşəkkürnamə və digər mükafatlar təqdim edilib.
Tədbirin qonaqları, pedaqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkı gəzmiş, parkdakı sərgi və məktəblilərin çəkdikləri rəsmlərlə tanış olmuş və məktəblilər, gənc rəssamlarla səmimi söhbətlər etmişlər.
Rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinlərinin diqqətini cəlb etmişdir.





Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.