Azərbaycan-Macarıstan əlaqələri qarşılıqlı etimada əsaslanır

22-08-2023, 15:05           
Azərbaycan-Macarıstan əlaqələri qarşılıqlı etimada əsaslanır
Azərbaycan Prezidenti cənab İlham Əliyevin avqustun 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu mühüm məqamı da qeyd etməliyik ki, Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Qarşılıqlı səfərlər əlaqələrin inkişafında stimulverici amildir. Belə ki, bu səfərlər çərçivəsində keçirilən görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılaraq səylərin birləşdirilməsi əsas faktor kimi önə çəkilir. Həmçinin imzalanan sənədlər əməkdaşlığın daha da dərinləşdirilməsində hüquqi baza rolunu oynayır.
Prezident İlham Əliyevin Budapeştdə Baş nazir Viktor Orban ilə görüşündə dövlət başçımız diqqəti bu ilin yanvarında Macarıstana səfərinə yönəldərək əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluq ifadə etdi. Cənab İlham Əliyevin Macarıstanın Baş nazirini Azərbaycana səfərə dəvət etməsini qarşı tərəf böyük minnətdarlıqla qəbul etdi. Görüşdə Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulandı.
Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. Ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin mühüm rolunu daim təqdir edir. Əvvəldə də qeyd etdiyimiz kimi, dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. Ötən il Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş ölkələrimizin enerji sahəsində əməkdaşlığının daha da dərinləşməsində böyük əhəmiyyətə malikdir.
Avqustun 20-də reallaşan işgüzar səfər Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Gününə təsadüf etdiyindən dövlət başçısı İlham Əliyev və birinci xanm Mehriban Əliyeva bu münasibətlə təşkil edilmiş ziyafətdə iştirak etdilər. Bu mühüm hadisə ölkələrimiz arasında əlaqələrin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu, dostluq, strateji tərəfdaşlıq münasibətlərinin səmimiyyət, qarşılıqlı hörmət prinsipləri əsasında qurulduğunun göstəricisidir. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Budapeştdə atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını da izlədilər.
Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən Azərbaycan-Macarıstan əlaqələrinin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edildi. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayır.
Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayan zaman dost ölkələrin də bu prosesdə fəal iştirakı ilə bağlı istəyini ifadə etdi. Dövlət başçısı İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı bu məsələyə də xüsusi diqqət yönəldildi. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirildi və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulandı.


Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.