Ölkəmiz Macarıstanla əməkdaşlığa xüsusi önəm verir

22-08-2023, 15:07           
Ölkəmiz Macarıstanla əməkdaşlığa xüsusi önəm verir
Bu gün Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır və Avropa İttifaqında onun ən etibarlı tərəfdaşlarından biridir.
İki ölkə arasında siyasi dialoq yüksələn xətt üzrə inkişaf edir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik əlaqələr 1992-ci il aprelin 27-də qurulub. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. İki ölkə arasında indiyədək imzalanmış 50-dən çox sənəd hüquqi bazanın möhkəmləndirilməsində mühüm rol oynayıb. Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq çoxtərəfli platformalarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində daim inkişaf edir. Bunları sadalamaqla bir daha xatırlamaq istərdik ki, Azərbaycan və Macarıstan həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə sıx əməkdaşlıq edir.
Həmçinin, ölkələrimiz arasında iqtisadi əlaqələr də davamlı inkişafı edir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əsas rol oynayır. Azərbaycanda Macarıstan sərmayələri olan şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Ölkələr arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması münasibətlərin yüksək səviyyəsinin əyani təsdiqidir. Belə ki, 2021-ci ildə Azərbaycan və Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil etmişdirsə, 2022-ci ildə 47,4 milyon ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.
Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu həmişə yüksək qiymətləndirir. Dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqda maraqlı olduğunu bildirir. Ötən il dekabrın 17-də Buxarestdə imzalanmış Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl” enerji sahəsində strateji tərəfdaşlıq haqqında müvafiq Saziş ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda mühüm yer tutur. Bu Saziş çərçivəsində adıçəkilən ölkələr arasında “yaşıl” enerjinin ötürülməsi üçün Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir.
İki dövlət arasında elm və təhsil sahəsində dəəlaqələr mövcuddur. Macarıstan hökumətinin hər il 200 azərbaycanlı tələbəyə bu ölkədə təhsil alması üçün təqaüd ayırır.
Avqustun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla görüşü zamanı Macarıstanın və Avropanın enerji təhlükəsizliyi, regiondakı vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri Budapeştdə keçirilən atletika üzrə dünya çempionatının yarışlarının və Macarıstanın Milli Günü münasibətilə keçirilən tədbirə təsadüf edir. Bu, Macarıstan dövləti və xalqı üçün çox əlamətdar hadisədir. Həmin gün Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovinanın liderləri, eləcə də Çexiya, Avstriya və Sloveniyanın keçmiş baş nazirləri, eləcə də Tatarıstanın rəhbəri də Macarıstana gəlmişdir. Bu dövlətlərin rəhbərlərinin rəsmi və qeyri rəsmi görüşləri ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə töhfə olmuşdur.
Azərbaycan bu gün elə bir səviyyədədir ki, region və dünya üçün mühüm qlobal təşəbbüslər, təkliflər verməklə çox mühüm layihələrin əhəmiyyətli tərkib hissəsinə çevrilə bilər ki, bu da təbii ki, ölkəmizə təkcə iqtisadi deyil, həm də geosiyasi dividentlər qazandırır. Bu isə bizim bir çox sahələrdə, xüsusilə də dünyada ərazi bütövlüyümüz və suveren hüquqlarımızın qorunması, Azərbaycana qarşı hələ də davam edən erməni faşizminin, erməni revanşizminin üzərində yeni qələbələrimizin qarantıdır.


İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.