Ölkəmizin uğurlu enerji siyasəti bəhrəsini verməkdədir
22-08-2023, 15:08

Avqustun 20-də Prezident İlham Əliyevin artıq son bir il ərzində Budapeşt şəhərinə baş tutan ikinci rəsmi səfəri və səfər çərçivəsində Macarıstanın Baş naziri ilə yanaşı, bir sıra Balkan dövlətlərinin rəhbərləri ilə də görüşləri Azərbaycanın gündən-günə artan nüfuzunun, eləcə də Avropa dövlətləri ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, xalqlararası dialoqun daha da dərinləşməsi istiqamətində əldə etdiyi yeni imkanların bariz göstəricisidir.
Macarıstanın Baş naziri Viktor Orbanla görüş əsnasında cari il yanvarın 30-da Azərbaycanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamə, eyni zamanda, mədəniyyət, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, miqrasiya, nəqliyyat sahələrində əldə olunmuş müsbət nəticələrə dair məsələlərin səsləndirilməsi rəsmi Budapeşt üçün həmin tərəfdaşlığın nə dərəcədə vacib olduğunu bir daha ortaya qoydu.
Bu gün Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir.
Hazırda iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.
Qey edilməlidir ki, Prezident İlham Əliyevin avqustun 20-də Macarıstana səfəri və Baş nazir Viktor Orbanla apardığı danışıqların ilkin nəticəsi kimi Azərbaycandan Macarıstana təbii qazin ixracının artırılması qərara alınıb.
Səfər çərçivəsində, eyni zamanda, ölkəmizin özünün xarici siyasətində Balkan dövlətləri ilə əməkdaşlığa verdiyi əhəmiyyətin yenidən şahidi olduq. Ümumiyyətlə, son bir il ərzində Prezident İlham Əliyev Rumıniya, Albaniya, Bosniya və Herseqovina və Serbiyaya ardıcıl səfərlər edərək dövlətlər arasında müxtəlif sahələri əhatə edən, xüsusilə ənənəvi və alternativ enerji ixracı ilə bağlı bir sıra vacib Sazişlərin imzalanmasında iştirak edib.
Bu gün ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq enerji resurslarının istehsalı və tranziti sahəsində əhəmiyyətli regional hab mərkəzinə çevrilir, digər tərəfdən isə Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir.
Bu baxımdan, təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Macarıstan səfəri çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşü baş tutub. Görüş zamanı cari il aprelin 13-də Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri və Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında imzalanmış Birgə Bəyannamənin önəminin qeyd olunması, orada nəzərdə tutulan müddəaların icrası ilə bağlı məsələlərin səsləndirilməsi iki ölkə arasında əməkdaşlığın inteqrasiyasına, xalqlarımız arasında sağlam dialoqun inkişafına dəstək olacaq.
Prezident İlham Əliyevin istər görüşlərdə çıxışlarında, istərsə də müsahibələrində dəfələrlə vurğuladığı kimi, ölkəmiz bu gün yeni çağırışların artıq bir çoxuna hazırdır və əminliklə deyə bilərik ki, dövlətimizin başçısının çoxvektorlu xarici siyasətdə müəyyən etdiyi istiqamət düzgün gələcəyə hədəflənir, xüsusilə Avropa ölkələri ilə siyasi, mədəni, humanitar sahələrdə də əlaqələrin bundan sonra da dərinləşəcəyini göstərir.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru