Ermənilərin növbəti “şousu” iflasa uğradı

27-08-2023, 16:51           
Ermənilərin növbəti “şousu” iflasa uğradı
44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu BQXK-ya təklif edib. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq “Laçın dəhlizi” adlanan yol vasitəsilə Qarabağda yaşayan mülki ermənilər üçün humanitar yüklərin daşınmasına şərait yaratdı.
Lakin Ermənistan bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etdi.
Ermənilərin bu cür qanunsuz davranışları Azərbaycanı öz suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində Laçın Sərhəd-buraxılış məntəqəsi yaratmağa məcbur etdi. 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır.
Ölkəmiz həm də burada beynəlxalq hüquqi sənədlərə uyğun olaraq qarabağda yaşayan erməni əsilli vətəndasların sərbəst hərəhətinə, Xankəndi və digər ərazilərə ərzaq və degər yüklərin maneəsiz daşınmasəna şərait yaradıb. Həmçinin, Azərbaycan Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasını təklif edib. Lakin Ermənistan tərəfi bu yoldan istifadədən imtina etməklə öz siyasi oyunbazlığını bir daha ortaya qoyub. Bu bir daha göstərdi ki, Ermənistan Qarabağda yaşayan sadə erməni sakinləri deyil, öz çirkin niyyətlərini həyata keçirmək məqsədi güdür. Əgər Ermənistan həqiqətən də bölgədə mülki erməniləri düşünsəydi, Ağdam-Xankəndi yolundan istifadəyə etiraz etməzdi.
Ermənilərin qarabağda blokada olması çağırışlarına beynəlxalq miqyasda da düzgün qiymət verildi. Onların həmişəki havadarlarının cəhdlərinə baxmayaraq növbəti erməni şousu iflasa uğradı. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclası Ermənistanın növbəti fiaskosu oldu.
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Beləliklə, Ermənistanın “koridor şousu” biabrçı şəkildə iflasa uğradı. 30 ildən çox müddət ərzində məhz Təhlükəsizlik Şurasının beynəlxalq hüquqa söykənən dörd qətnaməsini heçə sayan və quruma hörmətsizlik nümayiş etdirən Ermənistanın həmin quruma müraciət etməsi gülüncdür. Əvvəlcədən planlaşdırılmış məkrli siyasi ssenarinin bu hissəsi erməni siyasi riyakarlığın bariz nümunəsidir.
Bu və digər faktlar müzakirə zamanı ucadan səsləndirilməklə Ermənistanın niyyətinin əsl mahiyyəti sərgiləndi, növbəti siyasi şousunun qarşısı alındı və erməni yalan təbliğatı beynəlxalq ictimaiyyət qarşısında bir daha ifşa edildi. Bütün iclas iştirakçıları Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını qəbul etdi. Təbii ki, bu, ölkəmizin beynəlxalq aləmdə siyasi nüfuzunun və uzun illər aparılan haqq işimizin beynəlxalq ictimaiyyət tərəfindən düzgün qəbul edildiyinin göstəricisidir. Ermənistan üçün isə bu, diplomatik fiasko, Ermənistan xarici siyasətinin aciz durumunun göstəricisidir. İkrah doğuran məqam isə odur ki, bu qədər faktlar ortada olduğu halda Ermənistan utanmadan beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı.


Metin Hüseynov – siyasi şərhçi, politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.