Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün daha bir nümayişi oldu

29-08-2023, 10:11           
Laçındakı bayram tədbiri siyasi və iqtisadi gücümüzün  daha bir nümayişi oldu
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Laçın və Kəlbəcər rayonlarına səfərləri maraqlı məqamlarla yadda qaldı. Bizə dost və düşmən münasibət bəsləyən qüvvələr azad olunmuş ərazilərimizdən verilən mesajlardan xəbərdar oldular, özlərinə pay götürdülər. Təbii ki, bu səfərlərin ən böyük təsiri Böyük Qayıdış prosesinədir. Biz artıq görürük ki, insanlarımız necə böyük həvəslə, sevinclə öz dədə-baba torpaqlarına qayıtmaq istəyirlər.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir. Deməli, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Prezidentin Sərəncamına əsasən, Laçın və Kəlbəcər rayonları yenidən qurulur, orada böyük sənaye müəssisələri, turizm və kənd təsərrüfatı obyektləri, hotel və mehmanxanalar, məktəb və xəstəxanalar inşa edilir. Bu, bütövlükdə dövlətimizin iqtisadi gücünün göstəricisidir. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərin yenidən qurulması Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Rayonlarımızın yenidən qurulması, keçmiş köçkünlərin oraya yerləşdirilməsi planlı şəkildə həyata keçirilir. Qırx dörd günlük Vətən müharibəsindən sonra özlərini siyasətçi, ekspert adlandıran bəziləri deyirdilər ki, buraxın insanları gedib dədə-baba yurdlarında özlərinə istədikləri kimi ev tiksinlər, orada yaşasınlar. Müharibədən sonra həmin ərazilərdə partlayan, zərərsizləşdirilən minalar bu çıxışların nə qədər məsuliyyətsiz yanaşma olduğunu göstərir. Ona görə də Böyük Qayıdış prosesi düşünülmüş şəkildə, planla həyata keçirilir.
Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtması üçün sürətli işlərin aparılacağını bildirmişdi. İndi orada fasiləsiz şəkildə tikinti-quruculuq işləri aparılır. O ərazilər böyük bir tikinti meydançasını xatırladır. Hər kəs böyük həvəs və məsuliyyətlə iş görür. İnsanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün lazımlı addımlar atılır. Dövlətimizin başçısı 2011-ci ilin dekabrın 24-də özünün 50 illik yubileyində Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşdü. Öz ad gününü Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkün ailələrlə qeyd edən Azərbaycan Prezidenti Laçın rayonundan olan məcburi köçkün ailələri üçün salınan yeni yaşayış qəsəbəsinin açılışını etdi və orada bildirdi ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün öz dədə-baba yurdlarında gözəl evlər tikiləcək. Doqquz il sonra Prezident İlham Əliyev xalqa verdiyi sözü reallığa çevirdi. Mədəniyyətimizin paytaxtı olan Şuşada bu gün Azərbaycan bayrağı dalğalanır.
Avqustun 26-da Laçında təşkil olunan bayram tədbiri, atəşfəşanlıq möhtəşəm idi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanlarla səmimi söhbəti uzun müddət yaddaşlardan silinməyəcək. Bir zamanlar Taxtakörpüdə doğum günündə məcburi köçkünlərlə görüşən dövlətimizin başçısının bu gün Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış etməsi heyrətamiz idi. Prezidentin Laçına son səfəri zamanı sakinlər qarşısında çıxışı, verdiyi siyasi mesajlar mühüm əhəmiyyət kəsb etdi. Dövlətimizin başçısı müharibədən sonra Azərbaycanın güclənən mövqeyini bir daha ifadə etdi. Açıq şəkildə bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Ölkəmizə qarşı bəzi qüvvələr tərəfindən aparılan kampaniya, çirkin təbliğat bizi haqq yolumuzdan döndərə bilməz.
Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul etmək məcburiyyətindədir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma, oraların gülüstana çevrilməsi dünya dövlətlərini, beynəlxalq təşkilatları bir daha düşündürməlidir. Biz xarabalığa çevrilmiş ərazilərə həyat bəxş edirik, orada yaşıllıq salırıq, gözəllik yaradırıq.
Prezident İlham Əliyevin Laçına səfəri Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin növbəti nümayişi kimi də yadda qaldı. Eyni zamanda, biz ora qayıdış edən sakinlərin üzlərində olan sevinci, dövlətimizin başçısına və birinci xanıma olan sevgini bir daha görmüş olduq. İnsanlarda gələcəyə inam və öz liderinə güvən var idi.


Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.