Azərbaycanla Mərkəzi Asiya Dövlətləri arasında əlaqələrin genişlənməsi mühüm əhəmiyyət kəsb edir - İsrafil Kərimovun yazısı

18-09-2023, 08:44           
Azərbaycanla Mərkəzi Asiya Dövlətləri arasında əlaqələrin genişlənməsi mühüm əhəmiyyət kəsb edir -
Azərbaycanla Mərkəzi Asiya Dövlətləri arasında əlaqələrin genişlənməsi mühüm əhəmiyyət kəsb edir

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən ölkəmizin başçısının Mərkəzi Asiya Dövlətlərinin Başçılarının görüşünə dəvəti bir daha ölkəmizin və onun rəhbəri cənab İlham Əliyevin nüfuzu və hörmətini, ona olan ehtiramı bir daha sübut edir.
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Təkcə son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz, o cümlədən cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Eyni zamanda, iki il ərzində bütün qardaş dövlətlərin başçıları da Azərbaycanda səfərlərdə olublar. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.
Mərkəzi Asiya önəmli coğrafi region sayılır. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Regional əməkdaşlığın yeni formatı, dövlət başçılarının mütəmadi olaraq görüşlərinin keçirilməsi ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaqdır.
Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi və ticarət əlaqələrin, sərmayə qoyuluşunun artması mühüm göstəricidir. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Təkcə keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondlarının yaradılması ilə növbəti üç il üçün 1 milyard ABŞ dollarından artıq qarşılıqlı sərmayə qoyuluşu razılaşdırılıb.
Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır.
Həmçinin qarşılıqlı əlaqələrin genişlənməsində nəqliyyat və logistika sahəsi mühüm yer tutur. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır.
Eyni zamanda Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.
Prezident İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri zamanı iki ölkənin rəhbəri təkbətək görüşərək ikitərəfli münasibətləri müzakirə ediblər. Ümumiyyətlə, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin bu ilin aprel ayında Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi hesab oluna bilər. Həmin səfər zamanı iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı mühüm əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının dünyadakı böyük nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin əyani nümunəsidir. Ümumiyyətlə, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcəkdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.