Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir

3-10-2023, 10:49           
Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir
Cari ilin sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda həyata keçirilən antiterror əməliyyatı, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin inkişafı, Böyük Qayıdış Proqramı, Ermənistanın otuz il ərzində ölkəmizə qarşı həyata keçirdiyi etnik təmizləmə və işğal siyasəti, 1992-ci ildən 2020-ci ilə qədər aparılan danışıqlar, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ermənilərin işğal siyasətini gözardı etməsi və eləcə də Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı bir çox məsələlər haqqında geniş məlumat verdi.
Tədbirin işğaldan azad edilmiş ərazilərimizdən olan Zəngilanda keçirilməsi isə bütün iştirakçılara ölkəmizin işğaldan azad olunmuş ərazilərimizdə sıfırdan necə böyük işlər görüldüyünü əyani şəkildə müşahidə etmək imkanı verir.
Açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib ki, bu gün Şərqi Zəngəzur sıfırdan yenidən inşa edilir, bütün Qarabağ kimi. Şəhərsalma forumuna ümumilikdə 400 iştirakçının qatıldığını bildirən dövlətimizin başçısı deyib: “Bu, bizim dostluğumuzun təzahürüdür, bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək”.
Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirib ki, Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsi idi ki, artıq keçmiş məcburi köçkünlər buraya evlərinə qayıdıblar. Ağalı ağıllı kəndinə həyat qayıdıb, orada sakinlər xoşbəxt yaşayırlar: "Mən şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə qədər bağlıdırlar. Heç vaxt öz vətənini görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərindən bağlıdır".
Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər bir az da tez Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
"Zəngilanda artıq böyük bir məktəb inşa edilməkdədir. Zəngilan məscidinin inşası yekunlaşır. O, ermənilər tərəfindən məhv edilən qədim məscidin yanında inşa edilib".
Dövlətimizin başçısı Azərbaycanın bu işləri öz vəsaiti hesabına həyata keçirdiyini, heç bir maliyyə yardımı almadığını qeyd edib. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərdə Özbəkistanın orta məktəb, Qazaxıstanın isə yaradıcılıq mərkəzi inşa etdiyini xatırladıb.
Azərbaycan Prezidenti çıxışı zamanı Böyük Qayıdış Proqramının icrasının bir nömrəli vəzifə olduğunu söyləyib. Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”.


Aysel Mənsimova - politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.