Azərbaycan-Gürcüstan münasibətləri daha da genişlənir - İsrafil Kərimovun yazısı
9-10-2023, 09:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş
naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar
səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün
Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan
əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə
əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Səfər çərçivəsində dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili ilə təkbətək görüşü olub. Həmin gün Prezident İlham Əliyev və
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of
Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.
Sonra Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış
ediblər. Dövlət rəhbərlərinin bəyanatlarında bir sıra vacib məsələlərə
toxunulub.
Qeyd edilib ki, hər iki dövlətin liderləri ölkələrimiz və xalqlarımız
arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndirilməsi və
möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmirlər. Dövlət başçılarının
ənənəvi görüşləri iki dost və qardaş ölkələrin bir-birinə daha yaxın olması,
xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər
boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar
və bu gün də belədir. Bu dostluq əlaqələri həm ölkələrimiz üçün o
cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla
münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji
resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən
Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.
Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər
birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki
ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata
bəyanatında Prezident İlham Əliyev Azərbaycanın və Gürcüstanın hər
zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq bildirib:
“Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və
ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq.
Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və
ərazi bütövlüyünün pozulması qəbuledilməzdir”.
Həmçinin Prezident İlham Əliyev gələcəkdə Ermənistanla görüşlər
üçün Gürcüstanı təklif edib. Gürcüstanın bu məsələdə mümkün vasitəçilik
imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə
minnətdarlığını bildirən dövlət başçısı qeyd edib: “Hesab edirəm ki, biz
buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik.
Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti
qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə
gələ bilərlər”.
İki ölkə arasında münasibətlərə nəzər saldıqda qeyd etmək yerinə
düşər ki, bugünkü səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci
səfəridir. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq
əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq
əlaqələri birləşdirir. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək
rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək
səviyyədə olmasının əyani təzahürüdür.
İqtisadi əlaqələrimiz günü-gündən inkişaf edir. 2022-ci ildə iki ölkə
arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli
ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-
avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını
ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil
edib.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və
ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra
edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.
Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri
çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya
layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum
qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması
bölgədə sülhə və sabitliyə xidmət edir.
Humanitar sahədə də əməkdaşlıq əlaqələri genişdir. Bu sahədə
əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda
həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt
Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park
və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə
necə böyük önəm verib.
Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət
Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez”
Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə Mirzə Fətəli Axundzadə adına
Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey Mirzə Fətəli
Axundzadənin, Cəlil Məmmədquluzadənin və Nəriman Nərimanovun ev-
muzeylərini özündə birləşdirir.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası
onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə
daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü