Azərbaycanın gələcəyinə xidmət edən siyasətin rəhbəri
10-10-2023, 08:59
Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi İlham Əliyevi təqdim etmişdir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. 2013-cu il oktyabrın 9-da keçirilən prezident seçkilərində isə növbəti dəfə dövlət başçısı seçilmişdi.
2018-ci il aprel 11-də keçirilən prezident seçkilərində yenidən seçilən Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında vaxtilə söylədikləri: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” deyimni bu gün Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında tarixi qələbəsi, ölkəmizdəki tarixi izi, məhz 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdığı, onun yürütdüyü siyasətin davamçısı olan cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirrmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 19 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atması, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilmiş, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutmuşdur.
Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, son 20 ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.
Hələ 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladığı çox qısa bir müddətdə İlham Əliyev ölkəmizin inkişaf prioritetlərini müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzaladı, az sonra davamlı və tarazlı inkişafın təmin edilməsinə yönəldilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiq etdi.
Prezident İlham Əliyev neft gəlirlərinin artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün müəyyən təhlükələrin, o cümlədən inflyasiya potensialının yarana biləcəyini nəzərə alaraq, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman imzalamışdır. Milli iqtisadiyyatımızın neft bumu mərhələsinə hazırlığını təmin edən bu Fərmanda dövlət büdcəsi xərclərinə nəzarətin gücləndirilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli idarə olunması və istifadəsi ilə bağlı məsələlər öz əksini tapmışdır.
Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2018-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir.
Həmçinin, Prezident İlham Əliyevin xarici səfərləri, iştirak etdiyi beynəlxalq toplantılar Azərbaycanın siyasətinin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olduğunu, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir. Hər bir səfər Azərbaycanın ayrı-ayrı dövlətlərlə və təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələrinin daha da genişlənməsinə təkan verir.
Xalqımız və hər bir dünya azərbaycanlısı zəmanəmizin ən uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti İlham Əliyev ilə qürur duyur.
Xəlilova Aynur - politoloq
Teref.az