Yeni dövrün müasir lider obrazı

10-10-2023, 09:58           
Yeni dövrün müasir lider obrazı
Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir.
Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ölkə rəhbərinin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır.
Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.
Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı.
Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı.
Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.
Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.
Aysel Mənsimova - politoloq
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.