Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutub
10-10-2023, 18:51
Dahi şəxsiyyət, müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını hər zaman uca tutub. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər hesabına istər 1969-1982-ci illər, istərsədə 1993-2003-cü illər Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və mühüm bir tarixi zaman kəsiyidir. Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi öz adını nəinki Azərbaycan tarixinə, eləcədə dunya tarixinə qızıl hərflərlə yazdırıb.
1993-cü ildə, ölkənin çox ağır və qeyri-stabil dövründə xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq daxili sabitliyi və inkişafı təmin etməklə yanaşı dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirdi. Bu yeniləşmiş xarici siyasət xəttində, ilk növbədə qarşıda duran vəzifə Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi.
Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edirdi. Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi.
Azərbaycan kimi kiçik və yeni müstəqillik əldə etmiş bir dövlətin dünyanın ən güclü dövlətləri ilə birgə ikitərəfli əməkdaşlıqa cəlb olunması, böyük beynəlxalq layihələrin birgə icrasının təmin olunması Ulu Öndərin dərin biliyinin, uzaqgörən siyasətinin və böyük idarəcilik qabiliyyətinin olması və vətəni , xalqı üçün yorulmadan göstərdiyi fəaliyyətin nəticəsi idi. Ümummilli Lider ölkəmizin müstəqilliyinin daimi və dönməz olması, iqtisadi və siyasi gücümüzün artması, dünya dövlətlərinə tezliklə inteqrasiya etməsi üçün qonşü dövlətlərlə və eləcədə dünya dövlətləri, nüfüzlü beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın və dostluq münasibətlərinin tezliklə formalaşmaslnln vacibliyini bilir və bu istiqamətdsə böyük işlər görürdü.
Dünyanın bir çox dövlət başçıları ilə şəxsi dostluq münasibətləri olan Ulu Öndər dövlətlərarası və eyni zamanda xalqlararası münasibətlərin formalaşmasına böyük töhfələr vermiş, Azərbaycan xalqının tolerant, mədəni, sivil, sülhsevər xalq kimi dunya xalqları içərisində oz layiqli yerini tutmasında böyük rol oynamışdır.
Umummilli Lider Heydər Əliyevin dediyi kimi: “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır.”
Könül Əfəndiyeva – YAP üzvü
Teref.az