“Böyük Qayıdış” proqramı ölkəmizin Milli prioritetləri sırasındadır
11-10-2023, 16:16
Oktyabrın 10-da Şuşa şəhərində Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.
İclasda ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Prezidentin müraciətində postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.
İƏT-in sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə göstərilən dəstəyə və fəal iştirakçılığa görə təşəkkürünü bildirib. O, eyni zamanda, “İƏT Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını ifadə edib.
Tədbirdə Azərbaycanın hər zaman regional sülh və təhlükəsizliyə təhdid yaradan qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərdiyi vurğulanıb. Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirləri barədə məlumat verilib.
Bildirilib ki, bu tədbirlər nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesi intensivləşdirilib. Hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılması, aidiyyəti üzrə tədbirlərin görülməsi və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dialoq davam etdirilir. Bu da bəzi dairələrin bölgədə guya “etnik təmizləmə” aparılması ilə bağlı iddialarının əsassız olduğunu bir daha sübut edir. Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir zamanı, həmçinin özündə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu istiqamətdə Azərbaycan və İran arasında yeni dəmir yolunun inşasını nəzərdə tutan 2023-cü il 6 oktyabr tarixli Niyyət Protokolu və keçirilən təməlqoyma mərasimi barədə məlumatın da əks olunduğu İƏT bölgəsində Yaşıl keçid və qarşılıqlı bağlantılar üzrə Şuşa Bəyannaməsi qəbul olunub.
Sonda iclasın yekunlarına dair gələcək regional əməkdaşlığın növbəti addımlarını müəyyən edən bəyanat qəbul olunub, habelə Azərbaycanda təsis olunmasına qərar verilən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsi Türkiyə tərəfindən imzalanıb.
Metin Hüseynov - siyasi sərhçi, politoloq