Azərbaycan Qarabağ bölgəsində bütün humanitar normalara əməl edir
13-10-2023, 12:18
Oktyabrın 11-də Bakıda növbəti beynəlxalq tədbir keçirilib. Paytaxtımız MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının 53-cü iclasına ev sahibliyi edib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərək bu gün dünyada və bölgədə yaranan prosseslər, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı həyata keçirdiyi son tədbirlər və sülh prossesi ilə bağlı geniş çıxış etdi.
Qeyd edildi ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ölkələrin xüsusi xidmət qurumları arasında sıx təmaslar mövcuddur. Hazırda dünyada təhlükəli tendensiyala və təhdidlər artır və yeni qeyri-sabitlik ocaqları yaranır. Buna görə də qurumlar arasında daim operativ informasiya mübadiləsi aparmaq zəruridir. Bu gün informasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki münaqişənin kökləri və tarixinə toxunaraq bildirib ki, illər boyunca Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışıb. Ölkəmiz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak edib. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi, kağız üzərində qaldı. Ona görə də öz ərazi bütövlüyünü bərpa etmək və işğal altında olan torpaqlarrını azad etmək məqsədi ilə Azərbaycan 202-ci ilin sentyabrında İkinci Qarabaq savaşına başladı və 44 gündən sonra Şanlı Qələbəyə nail oldu. Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdi.
2020-ci il noyabrın 10-da Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Vladimiroviç Putinin vasitəçiliyi ilə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı.
Lakin buna baxmayaraq münaqişə tam həllini tapmadı, bölgədə qanunsuz silahlı qüvvələrin qalması, erməni tərəfinin provokasiyaları, ərazilərdə davam edən mina terroru davam edirdi. İkinci Qarabağ müharibəsi başa çatandan keçən 3 il ərzində sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olub və ağır şəkildə yaralanıblar. Azərbaycan buna göz yuma bilməzdi.
Yaranan vəziyyətdən nəticə çıxarmayan ermənilər sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər və özlərinə yeni başçı seçdilər. Bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi. Ona görə də sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirərək öz suverenliyini tam şəkildə bərpa etdi. Bir sutkadan da az davam edən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu.
Bütün bu prosseslərdən sonra dünyanın bir çox ölkələrində olan erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl atır, bir çox məsələlərdə ölkəmizi ittiham edirlər. Bu məsələdə əsas rol oynayan isə məlumdur ki, Fransa və onun prezidentidir . Fransanın rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir.
Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır. Azərbaycanın ünvanına səslənən çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğurdu. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub.
Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Fransa Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlər törədib. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Ona görə də bu gür keçmişə malik olan Fransanın bu gün dünyanın digər bölgələrindəki münaqişələrin aradan qaldırılmasında vasitəçilik etməsi mümkün deyildir.
Görüşdə vurğulanıb ki, Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər. 30 ildən sonra artıq iki dəfə azad edilmiş ərazilərdə səfərə gələn BMT missiyası məhz bütün humanitar normalara əməl olunduğunu vurğulayıblar.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor