Bakıdakı Forumda mühüm mesajlar verildi

7-12-2023, 21:23           
Bakıdakı Forumda mühüm mesajlar verildi
Azərbaycan son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir.
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Bu mötəbər tədbirdə 30 ölkəni təmsil edən 60 xarici ekspert iştirak edib.
Dövlət başçısı İlham Əliyevin çıxışında 30 illik işğal dövründən bu günədək keçilən yolun reallıqları öz əksini tapdı. Düzgün qurulan siyasət hər bir ölkənin qarşısında geniş imkanların açılmasında əsas faktordur. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın tarixi Zəfərinə yol açdı. Azərbaycanın hər sahədə təcrübəsi nümunədir və siyasi, iqtisadi, humanitar mərkəzə çevrilməsində mühüm rol oynayır. Ölkəmiz möhtəşəm Qələbəsi ilə regionun və dünyanın siyasətində dəyişiklikləri bir zərurətə çevirdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Regional təhlükəsizliyin bu gün Azərbaycanda müzakirə edilməsi ölkəmizin söz sahibliyinin təqdimatında öz sözünü deyir.
Forumun mövzusu postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri müasir tələblər çərçivəsində həyata keçirilir. Azad edilmiş ərazilərdə ən son texnologiyalardan istifadə edilir. Üç il əvvəl, müharibə bitəndən dərhal sonra dövlət başçısı İlham Əliyev “Qarabağı yenidən quracağıq və yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” çağırışını etdi. İndi bu, həyata keçirilir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Şəhər və kəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpa edilir. Artıq Zəngilan rayonunun Ağalı kəndi ilk “ağıllı kənd”dir. Cənab İlham Əliyev ilk gündən soydaşlarımız üçün ən yüksək səviyyədə şəraitin yaradılmasının vacibliyini bildirdi. O da qeyd olundu ki, bu, təkcə 30 il ərzində erməni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nümayişi olmamalıdır, həmçinin Qarabağın və Zəngəzurun yenidən qurulmasını bütün ölkə üçün nümunə hesab edirik.
Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi: “Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın, onlar buna layiqdirlər. Onlar, həmçinin psixoloji sarsıntı keçiriblər.” Bunun da davamı olaraq minalar məsələsinə diqqət yönəldərək vurğuladı ki, biz istəyirik proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq.
O da məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilən zaman idarəçilik sistemində təkmilləşmə prioritet məsələ kimi öndə dayandı. İlk olaraq Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada Prezidentin şəxsi nümayəndəliyi fəaliyyətə başladı. Bu, prosesin səmərəliliyinin artırılmasında, nəzarətin gücləndirilməsində əhəmiyyətli rola malikdir. Prezident İlham Əliyev azad edilmiş rayonların Baş planlarının hazırlanması prosesinə şəxsən nəzarət etməklə, bütün detalların nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Bu ərazilərin Ümumi Planı artıq təsdiqlənib. Azad edilmiş torpaqlarda qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Artıq Qarabağın, Şərqi Zəngəzurun həyatında yeni dövr zənginliyi ilə diqqət çəkir. Bu baxımdan ki, həm minalardan təmizlənmə işləri həyata keçirilir, həm avtomobil, dəmir və hava yollarının tikintisi və istifadəyə verilməsi həyata keçirilir, həm də bu torpaqların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqlənərək uğurla icra edilir. Bütün bunlar isə onu deməyə əsas verir ki, tezliklə bu ərazilərimizdə 30 ilin işğalını özündə əks etdirən dağıntıları deyil, müasir tələblər səviyyəsində qurulan, bərpa edilən şəhərləri, kənd və qəsəbələri görəcəyik.
Prezident İlham Əliyev Forumda onu da qeyd etdi ki, biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə, şərait yarada bilərik. Həmin sahələrdə məşğulluq məhz vacib məsələdir. Bir halda ki, qayıdış prosesini planlı həyata keçiririk və qayıtmış insanların əksər hissəsi artıq bu iş yerlərinə malikdir. Bu, onu göstərir ki, tətbiq edilmiş yanaşma tamamilə əhatəlidir.
İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində Qarabağ ermənilərini öz vətəndaşlarımız hesab etdiyimizi xatırladan dövlətimizin başçısı bildirdi ki, bu, hər hansısa separatçı liderlər tərəfindən manipulyasiya predmetinə çevrildi. Biz isə onlara elə bir şərait yaratmağa hazır olduğumuzu bildirdik ki, onlar həmin o sahədə qalıb yaşaya bilərdilər və bu, beynəlxalq hüquqa tam uyğun idi. Təbii ki, onlar bu qaydalara uyğun olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərdilər. O ki qaldı, onların təhlükəsizliyinə, hüququna, bu məsələ də öz həllini tapmışdır. Təhlükəsizlik Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin edilməlidir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.