Astana Zirvə görüşü böyük əhəmiyyət daşıyır

4-07-2024, 16:39           
Astana Zirvə görüşü  böyük əhəmiyyət daşıyır
İyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşü keçirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gəlib. Bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Dövlətimizin başçısı İlham Əliyev bundan öncə 2022-ci ilin 16 sentyabr tarixində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib. Prezident İlham Əliyevin Zirvə görüşünə ikinci dəfə fəxri qonaq qismində qatılması Azərbaycanın nüfuzunun, dövlətimizin başçısına böyük etimadın göstəricisidir.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan hazırda təşkilatda dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə qurum arasında əməkdaşlıq sahələrini əks etdirən Memorandum imzalanıb. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşü əlaqələrin daha da inkişafında, təmasların daha sıx qurulmasında əhəmiyyətli rol oynayacaq.
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzv olmadığı təşkilatların da sammit, konfrans və Zirvə görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri oldu. Bu görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.
Azərbaycanın son illər beynəlxalq arenada artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artıran faktorlardır. Azərbaycan da həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır.
Astana Zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın bu qurumda müşahidəçi statusu alması Şanxay Əməkdaşlıq Təşkilatı üçün də böyük önəm daşıyır.


Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.