Şuşa Zirvə görüşü dostluq və əməkdaşlığı daha da genişləndirəcək

8-07-2024, 16:19           
Şuşa Zirvə görüşü dostluq və əməkdaşlığı daha da genişləndirəcək
İyulun 6-da Şuşada ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərləri qeyri-rəsmi Zirvə görüşündə bir araya gəldilər. Dövlət başçıları qeyri-rəsmi görüş çərçivəsində Şuşa şəhərində görülən işlərlə tanış olub, şəhəri gəziblər.
Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Qeyri-rəsmi zirvə toplantısının keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Görüşün həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin təsdiqidir. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin yüksək səviyyədə müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının Şuşada keçirilməsi böyük əhəmiyyətə malikdir. Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtında belə bir tədbirin keçirilməsi bu hadisənin nə qədər möhtəşəm, türk dünyası üçün necə önəmli olduğunu bir daha göstərir. Ona görə də Şuşada keçirilən bu tədbir bilavasitə türk dövlətinin həm də öz suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün simvolik mənasını daşıyır. Burada diqqətçəkən bir nöqtə var. Bu, ilk növbədə türk dövlətlərini birləşdirən, dil, mədəniyyət, tarixdir. İkinci isə müasirlikdir. Şuşa hər cəhəti özündə ehtiva edən belə bir şəhər, mərkəzdir.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə müzakirə olunan məsələlər, alınan qərarlar türk dünyasının gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Adətən belə qeyri-rəsmi görüşlərdə daha çox problemləri müzakirə etmək imkanı olur. Burada problemlərin mahiyyətini anlamaq və anlatmaq şəraiti mövcuddur.
Əminik ki, Türk Dövlətləri Təşkilatının məhz bu qeyri-rəsmi Zirvə toplantısı da gələcək birliyimizin, çağdaşlıq modelimizin doğru istiqamətlərini müəyyənləşdirəcəkdir.
Bu görüş hədəflərə doğru birlikdə addımlamaq imkanını genişləndirəcək. Türk dövlətlərinin birlikdə aldığı qərarların yerinə yetirilməsindən çox şey asılı olacaq. Tarixin bizə verdiyi bu fürsəti heç vaxt itirməməli və bunu daha da irəli aparmağa çalışmalıyıq.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.