Reallaşan hər bir layihə ölkəmizin enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir
Dünən, 15:50
Yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat imkanlarından, nəqliyyat infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində atılan addımlardan, eyni zamanda, hazırkı dövrün əsas çağırışlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda həyata keçirilən mühüm nəqliyyat layihələrindən geniş bəhs etdi. Bildirdi ki, müşavirədə Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı müzakirə ediləcək. Buna ehtiyac var. Son illər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə, böyük infrastruktur layihələrinin icra edilməsinə baxmayaraq yenə də Bakı şəhərində tıxac müşahidə olunur. Tıxacların sayı ildən-ilə artır: «Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.»
Vurğulanıb ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Reallaşan hər bir layihə isə ölkəmizin dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Prezident İlham Əliyev müşavirədəki çıxışında bu məqama da xüsusi diqqət yönlətdi. Vurğuladı ki, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik: «Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və praktiki işlər görmüşük.»
Azərbaycan coğrafi mövqeyi, reallaşdırdığı layihələri ilə ölkələri, xalqları birləşdirir. Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Təkcə ikitərəfli deyil, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Hədəf Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirmək, siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır. Cənab İlham Əliyev müşavirədə onu da bildirdi ki, son illərdə vacib layihələrdən biri yeni Dəniz Ticarət Limanının inşasıdır. Köhnə liman şəhərin mərkəzindən çıxarıldı. İndi o ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır. Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu: «Ancaq biz görürük ki, yüklərin həcmi daha çox olacaq. Artıq göstəriş verildi və biz bu ildən işə başlayırıq… Biz limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq və ola bilsin, bu da bizə yetməyəcək. Çünki Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, biz bu işləri də bu artıma görə etməliyik. Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum - AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu - bütün bu məsələləri nəzərə alacaqdır.»
Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin «Bir kəmər, bir yol» təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Dövlətimizin başçısı İlham Əliyev müşavirədə «Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır» söyləyərək onu da əlavə etdi ki, Ermənistan buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq.
Bütün bu qeyd etdiklərimiz Azərbaycanın Avropa ilə Asiya arasında iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir. Cənubi Qafqazın ən böyük və perspektivli dövləti, Şərqlə-Qərbin qovşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Logistika sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ümumi daxili məhsulda birbaşa artıma imkan verir. Nəqliyyat sektoruna qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.
Müşavirədəki çıxışında Prezident İlham Əliyev azad edilmiş ərazilərdə görülən işləri statistik rəqəmlər əsasında diqqətə çatdırdı. Bildirdi ki, 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir: «Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.»
Qeyd etdiklərimiz belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Buna əsas verən təbii ki, düşünülmüş siyasətdir.
Tufan Məmmədov – iqtisadçı ekspert