Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atılır

Dünən, 16:29           
Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atılır
Yanvarın 28-də Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizi ilə bağlı məsələləri xüsusi qeyd edib. Bildirb ki: “Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”.
Müşavirədə qeyd edilib ki, bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfəridən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salınıb. Hazırda Azərbaycan tərəfindən bu dəhlizin açılması üçün praktiki addımlar atılır. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 2020-ci il 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Qarşı tərəf müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və onu dünyanın müxtəlif ölkələrinə təqdim edir. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, “Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur”.
Qeyd edilməlidir ki, dəhlizin çəkilməsi ilə bağlı birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. İkinci körpü isə artıq Naxçıvan Muxtar Respublikasında inşa ediləcək. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi qalmaqda davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları yenə də puç olacaq. Bundan da Azərbaycandan daha çox Ermənistan itirəcəkdir. Azərbaycanın tələbi isə məlumdur - Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Cənab Prezidentin dediyi kimi:
“Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.