Azərbaycan Davos platformadan maksimum yararlanmağa çalışır
Bu gün, 16:40
![Azərbaycan Davos platformadan maksimum yararlanmağa çalışır](/uploads/posts/2025-02/07.jpg)
Son günlərin önəmli hadisələrindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrədə keçirilən ənənəvi Dünya İqtisadi Forumunun illik toplantısında iştirakı və bu səfər çərçivəsində keçirdiyi mühüm görüşlərdir.
Bu forumun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət rəhbərlərinin, beynəlxalq qurumların, iş və elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların müzakirəsini və qarşılıqlı əməkdaşlıqları təşkil etməkdir: Azərbaycan sürətli inkişafda olan ölkələrdən biri kimi, bu platformadan da maksimum yararlanır. Beynəlxalq aləmlə əməkdaşlığın, investisiya cəlbinin yüksəlməsində, əlaqələrin möhkəmlədilməsində ölkə rəhbərliyinin Davos Forumunda davamlı iştirakının mühüm rolu var.
Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan dünyanın diqqət mərkəzində olan ölkələrindən biridir. Qarabağın azadlığından, ölkəmizin suverenliyinin ta bərpasından sonra bu diqqət daha da artıb. Hazırda bir çox ölkələr Qarabağda həyata keçirilən yenidənqurma və abadlıq işlərinə qoşulublar.
Azərbaycan reallıqlarıınn, ölkəmizin potensialının daha detallı təqdimatı üçün Davos Forumu ciddi tribunalardan biridir. Bu Forum təkcə iqtisadi əhəmiyyətə malik deyil, həm də böyük siyasəi əhəmiyyətə malikdir. Bu nöqteyi-nəzərdən Davos Forumunda müzakirələr, təqdimatlar, bəyanatlar üçün mükəmməl, vacib tribunadır, platformadır. Azərbaycan bu platformadan maksimum yararlanmağa çalışır.
Azərbaycan Prezidentinin Davos Forumunda verdiyi açıqlamalar hər zaman dünyada diqqətlə izlənilib və böyük müzakirələr yaradıb. Davos İqtisadi Forumu yeni dünya düzəni formalaşdığı, yeni qaydalar müəyyənləşdiyi bir dönəmdə ikiqat vacib bir platforma kimi xarakterizə edilir. Forum şərçivəsində Prezident İlham Əliyev Davosda qarşı tərəflərin müraciətləri əsasında bir sıra görüşlər keçirib və CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Ölkə başçısı Çinin CGTN telekanalına müsahibəsində bildirib ki, Azərbaycan regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirib və aid olduğu Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub. Ölkəmizdə güclü, özünü təmin edən iqtisadiyyat qurulub. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə edib çoxlu uğur qazandığımızı vurğulayan dövlətimizin başçısı deyib: “Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.
Müsahibədə qeyd edilib ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası olub. Azərbaycan bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirib. 30 il ərzində bu, xalqımızın milli ideyası olub və qarşıya qoyulam hədəflərə çatmaq, ədaləti bərpa etmək üçün bütün səylər səfərbər edilib. Təəssüf ki, işğal illərində beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar bu işlərdə bizə yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Azərbaycan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəliyi ilə bunu özü həll edərək ədaləti özümüz bərpa etdi. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Ötən ilin noyabr ayında ölkəmiz təxminən 200 ölkəni bir araya gətirən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edib. Belə bir mötəbər iqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın bundan əvvəl BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü