Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir
Dünən, 15:57

Pakistan İslam Respublikası Baş naziri Məhəmməd Şahbaz Şərifin fevral ayının 24-də baş tutan Bakıya növbəti rəsmi dövlət səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətlidir.
Hazırda Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir. Bu, hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla bütün istiqamətlərdə müşahidə edilir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının müxtəlif yerlərə asmaqla nümayiş etdirir. Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini dəstəkləməsindən qaynaqlanır.
Pakistanın Azərbaycan üçün əhəmiyyəti təkcə ikitərəfli münasibətlərə deyil, həm də 30 ilə yaxın müddətdə üzləşdiyimiz işğala qarşı mübarizəmizə verdiyi dəstəyə də əsaslanır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam dünyasına verdiyi önəmin də bariz nümunəsidir. Bildiyimiz kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdir. Bu siyasət müsəlman dünyasının maraqlarına, İslama verilən dəyərdən irəli gəlir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham Əliyevlə keçirdiyi görüş zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərini ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini vurğulayıb. Ölkə başçısı bildirib ki, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq”, - deyən dövlətimizin başçısı bildirib ki, birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq.
Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor