Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur
Dünən, 16:19

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub. Təkbətək və geniş tərkibdə görüşdən sonra liderlər aparılan danışıqlarla bağlı mətbuat üçün bəyanat veriblər.
İki ölkə arasında münasibətlərin birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulduğunu deyən Prezident İlham Əliyev torpaqlarımızın Ermənistanın işğalı altında qaldığı dövrdə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana verdiyi dəstəyə görə Pakistana minnətdarlığını ifadə edib.
Prezident onu da diqqətə çatdırıb ki, Pakistan məhz Azərbaycan torpaqlarının işğalı səbəbindən indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. Prezident İlham Əliyev bildirib ki, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq”, - deyən dövlətimizin başçısı bildirib ki, birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq.
Görüş zamanı ikitərəfli gündəliyə daxil olan bir çox məsələlərin, eyni zamanda, regional proseslərin, regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyini bildirən İlham Əliyev deyib: Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mətbuata bəyanat zamanı çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bildirib ki, “Bu, bizim ticarət və investisiya münasibətlərimizdə ilk keyfiyyətli sıçrayış olacaq və qardaşlıq əlaqələrimizi əhəmiyyətli dərəcədə əks etdirəcək”.
Baş nazir bildirib ki, çünki bizim dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə, beynəlxalq forumlarda düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olmuşdur. Lakin hesab edirəm ki, iş birliyimiz, ticarətimiz, investisiya münasibətlərimiz bizim əlaqələrin həqiqi gücünü əks etdirmirdi. Hesab edirəm ki, bu gün biz bu hədəfə çatdıq və İnşallah, bir aydan sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd edəcəyik”.
Aysel Mənsimova - politoloq