İki qardaş ölkə arasında olan münasibətlər
Dünən, 17:06

Azərbaycan-Pakistan əlaqələrinin zəngin tarixi vardır. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan az sayda dövlətlərindən biridir. Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Azərbaycan dövləti bunu daim yüksək dəyərləndirib. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək Azərbaycan tərəfindən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. İki ölkə arasında digər sahələr kimi, hərbi sahədə də əməkdaşlığımızın böyük potensialı var. Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə formalaşıb və bütün istiqamətlərdə uğurlu inkişafını davam edir.
“Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.” Dövlət başçısı İlham Əliyev fevralın 24-də ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata birgə bəyanatlarında onu da əlavə etdi ki, Azərbaycan xalqı 44 günlük müharibə dövründə kimin bizimlə bir yerdə olduğunu çox gözəl bilir. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi.
Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının daha da dərinləşməsinə yol açacaq Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin zirvəsi olan Şuşa Bəyannaməsindən sonra dünyaya növbəti mesajları ünvanlayan sənəd oldu. Burada Azərbaycanın tarixi Zəfərindən bu günədək əldə edilən uğurlar, hədəflər, yeni reallıqların diktə etdiyi əməkdaşlıq formatları, ədalətin, beynəlxalq hüququn hər bir məsələnin həllində əsas rolu, ən əsası regionda və dünya siyasətində yaradacağı yeniliklər öz əksini tapıb. Əməkdaşlığın parlamentlər səviyyəsində qurulması və inkişaf etdirilməsi də bugünümüzün tələbləri sırasındadır.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev ilə keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında da iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandıqları uğurlar fonunda münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırıldı. Mətbuata bəyanatlarında Prezident İlham Əliyev bildirib ki, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. “Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq”, - deyən dövlətimizin başçısı bildirib ki, birmənalı olaraq, bu işi davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq.
Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində və yeni prioritetlər üzrə inkişafında stimulverici amildir.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru