Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli münasibətlər genişlənir
Bu gün, 15:21

Azərbaycanın xarici siyasət strategiyasında yeni bazarlara çıxış və beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, Afrika qitəsinin inkişaf etməkdə olan ölkələri ilə qurulan münasibətlər də xüsusi əhəmiyyət kəsb edir.
Fevralın 27-də Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ölkəmizə səfərə gəlib. Bu, münasibətlərimiz tarixində ilk rəsmi səfər olduğundan qarşılıqlı əlaqələrimizin inkişaf etdirilməsi yolunda xüsusi önəmə malikdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun iştiraki ilə ölkələrimiz arasında təkbətək və lanç əsnasında geniş tərkibdə görüşləri olub.
Daha sonra dövlət başçıları mətbuata bəyanat verdilər və iki dövlət arasındakı qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərdən bəhs etdilər. Qeyd edilib ki, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun ölkəmizə səfəri tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Görüşlər zamanı ikitərəfli gündəliyə aid olan mühüm məsələlər müzakirə edilib və tərəfdaşlığın bütün sahələrdə gücləndirilməsi ilə bağlı razılığa gəlinib. Ölkəmiz artıq bir çox ölkələrə sərmayələr yatırıb. Həmçinin müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradılıb.
mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi münasibətlərin çox yaxşı olduğunu vurğulayıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik”.
Mətbuata bəyanatında Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Qvineya-Bisau və Azərbaycanın iki dost ölkə və amallarının ümumi olduğunu bildirib. Bir sıra vacib məsələlər üzrə əminliyin olduğunu söyləyən Prezident Umaru Sisoku Embalo bildirib: “BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük”.
Qeyd edilməlidir ki, Azərbaycanın Afrika siyasətində əsas əməkdaşlıq komponentlərindən biri də qitə ölkələrinə humanitar yardımların göstərilməsidir. Demək olar ki, bütün Afrika qitəsi ölkələrinə Azərbaycan tərəfindən çoxtərəfli və ikitərəfli əsasda müxtəlif zamanlarda humanitar və inkişafa yardım xarakterli yardımlar göstərilib. Afrikaya humanitar yardım sıralamasında Azərbaycan ilk 20 ölkə arasında yer alır. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə artıq neçə ildir ki, müxtəlif Afrika ölkələrində tibbi və texniki yardım layihələri həyata keçirilməkdədir. Xatırlamaq yerinə düşərdi ki, Azərbaycan koronovirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor