Azərbaycan Afrika ölkələri üçün yeni əməkdaşlıq perspektivləri açır
Bu gün, 15:49

Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərən Afrika ölkələrindən biri də Qvineya-Bisaudur. Bu ölkə ilə diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalo ötən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev ilə görüşüb. Görüş zamanı iqtisadi, neft-qaz, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlıq, tibb və mühəndislik sahələrində kadr hazırlığı, polis akademiyaları arasında əməkdaşlıq kimi məsələlər müzakirə olunub.
Qeyd etmək yerinə düşər ki, ötən il dekabrın 2−4-də Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Səfər çərçivəsində o, Xarici İşlər, Daxili İşlər, Səhiyyə, Təhsil, Müdafiə, Energetika nazirlikləri, “ASAN xidmət”də və SOCAR-da görüşlər keçirib. Görüşlərdə dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, müvafiq sahələrdə, xüsusilə tibb, enerji, müdafiə sənayesi istiqamətlərində əməkdaşlıq, həmçinin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub. Səfər zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi təsis olunub. Qeyd edilməlidir ki, Azərbaycan koronovirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.
Afrika qitəsi gənc əhalisi, təbii sərvətləri və inkişaf potensialı ilə XXI əsrin əsas diqqət mərkəzlərindən birinə çevrilib. Uzun illər müstəmləkəçilikdən əziyyət çəkmiş bu qitə bu gün də bəzi hallarda iqtisadi və siyasi asılılıqdan qurtulmaq üçün mübarizə aparır. Bununla yanaşı, sürətli urbanizasiya, texnologiya və infrastruktur sahələrində inkişaf Afrikanın dünya iqtisadiyyatında daha böyük rol oynamağa başlamasına imkan yaradır. Afrika ölkələri öz təbii sərvətlərini və insan resurslarını düzgün idarə edərək dünya iqtisadiyyatında mühüm oyunçulara çevrilə bilərlər. Bu baxımdan Azərbaycan kimi inkişafını uğurla həyata keçirən ölkələrin təcrübəsi Afrika üçün faydalı ola bilər.
Bir sözlə, Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Qvineya-Bisau Respublikasının Prezidenti Umaro Moktar Sissoko Embalonun fevralın 27-də Azərbaycana rəsmi səfəri əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşlər zamanı qeyd edilib ki, Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun ölkəmizə səfəri tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. Görüşlər zamanı ikitərəfli gündəliyə aid olan mühüm məsələlər müzakirə edilib və tərəfdaşlığın bütün sahələrdə gücləndirilməsi ilə bağlı razılığa gəlinib. Ölkəmiz artıq bir çox ölkələrə sərmayələr yatırıb. Həmçinin müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradılıb.
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi münasibətlərin çox yaxşı olduğunu vurğulayıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik”.
Mətbuata bəyanatında Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Qvineya-Bisau və Azərbaycanın iki dost ölkə və amallarının ümumi olduğunu bildirib. Bir sıra vacib məsələlər üzrə əminliyin olduğunu söyləyən Prezident Umaru Sisoku Embalo bildirib: “BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük”.
Beləliklə, ölkəmizin daha bir Afrika dövləti ilə iqtisadi-siyasi əlaqələrinin genişləndirilməsi istiqamətindəki növbəti addım Azərbaycanın dünya səviyyəsindəki nüfuzunun artmasına daha bir sübutdur.
Metin Hüseynov - siyasi sərhçi, politoloq