Azərbaycan-Türkiyə dostluq və qardaşlığı dünyaya örnəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:49

Azərbaycan-Türkiyə dostluq və qardaşlığı dünyaya örnəkdir
Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu
hazırda yüksək bir mərhələdədir. Bu gün Regionda yaşanan hadisələr
Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb.
Ölkələrimiz arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki
əməkdaşlıqla daha da güclənib. 2023-cü ildə Azərbaycan və Türkiyə
arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub. Ötən il də
artım dinamikası davam edib, Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi
yatırımların həcmi isə 20 milyard dolları ötüb. Bu rəqəmin gələcəkdə daha
da artacağı gözlənilir.
Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq
Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. Bu sahədəki əməkdaşlıq
xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft
kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu
layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir,
çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol
oynayır.
Həmçinin 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-
Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycanın qazını Türkiyə
vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP
Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir
və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də
Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar
təqdim edir. Bu layihələr, həm də Azərbaycanın və Türkiyənin regional
enerji təhlükəsizliyini təmin etməsinə və Avropa bazarları ilə daha sıx əlaqə
qurmasına şərait yaradır.
Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq
tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq
səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində
ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk
dünyasının birliyini və inkişafını dəstəkləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə
Ankaraya işgüzar səfəri iki qardaş dövlət arasında əlaqələrin daha da
möhkəmlənməsinə xidmət edir. Həmin gün iki dövlət başçılarının iştirakı ilə
İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi
keçirilib.
İlk növbədə qeyd edilib ki, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi
Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də
İğdır əhalisinin rifahına xidmət edəcək. Azərbaycandan gələn qaz Türkiyə
ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas
etmiş olacaq. Həmçinin hazırda kəmərin maksimum ötürmə gücü 730
milyon kubmetrdirsə onun gələcəkdə genişləndirilməsi imkanları vardır.
Mərasim zamanı çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Bu gün
Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. İğdır-
Naxçıvan qaz xəttinin açılışı qeyd edilir”. Dövlətimizin başçısı deyib:
“Burada qeyd edildiyi kimi, Naxçıvanda hörmətli Prezidentlə birlikdə bir il
yarım bundan əvvəl biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl
tədbirdə iştirak edirik”.
Vurğulanıb ki, bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng
layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP
kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni
zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Dövlətimizin başçısı qeyd
edib ki, bu gün Azərbaycanda Türkiyə ərazisindən gedən qaz bir çox
ölkələrin enerji təhlükəsizliyini təmin edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz boru
kəmərinin açılış mərasimində çıxışı zamanı bildirib ki, “Türkiyə və
Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh
istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik”.
“Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi
göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla
bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”, - deyə
Türkiyə Lideri vurğulayıb.
Qeyd edilib ki, BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda,
gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər
xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində
təmin edəcək.
Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün
sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə
əminlik yaradır. Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq
münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu
əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm
regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox
önəmli bir amilə çevrilib. Əminliklə söyləmək olar ki, Azərbaycan-Türkiyə
birliyi bundan sonra daha böyük zirvələr fəth edəcək.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü