Naxçıvanın enerji təchizatınında mühüm əhəmiyyət daşıyan layihə

Bu gün, 15:11           
Naxçıvanın enerji təchizatınında mühüm əhəmiyyət daşıyan layihə
Martın 5-i dost və qardaş ölkələr olan Azərbaycan-Türkiyə arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsində növbəti əlamətdar tarix oldu. Belə ki, hər iki dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən İğdır-Naxçıvan qaz boru xətti regional birlik və gələcək inkişaf baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ötən əsrin 90-cı illərində Naxçıvan blokadaya düşəndə və Türkiyə ilə sərhəddəki “Ümid” körpüsü istifadəyə verilən ərəfədə qardaş ölkənin İğdır, Ağrı, Aralıq kimi bölgələri ölkənin ümumi inkişafından kifayət qədər geri qalırdı. Asfalt yollar, təbii qaz, dayanıqlı enerji, dəmir yolları yox dərəcəsində idi. Lakin “Sədərək-Dilucu” körpüsünün açılışından sonra ticarət və tranzit imkanları xeyli genişlənən bu bölgələr Naxçıvanla, Azərbaycanla iqtisadi-ticarət əlaqələrinə görə sürətlə inkişaf edərək müasir mərhələyə gəlib çatdılar.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu əlaqələr öz növbəsində Naxçıvanın da blokadasının yarılmasına, tranzit imkanlarının genişlənməsinə, diyarın quruculuq, inkişaf xəritəsinin zənginləşməsinə rəvac verdi. Qısası, tarix və zaman təsdiq etdi ki, regionda həyata keçirilən bütün böyük layihələrdən hər iki qardaş ölkə böyük fayda görür. Bu gün "Bakı-Tbilisi-Ceyhan” neft, "Bakı-Tbilisi-Ərzurum” qaz, “Bakı-Tbilisi-Qars” dəmir yolu, TANAP, TAP kimi dünya miqyaslı faydalı layihələrə “İğdır-Naxçıvan” qaz kəməri, eləcə də artıq tikinti mərhələsində olan “Qars-İğdır-Naxçıvan” dəmir yolu xətti də qoşulur.
2023-cü il sentyabrında əsası qoyulan İğdır-Naxçıvan qaz boru xətti Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırır. İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edən kəmərin gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malik olması kifayət qədər yaxşı göstəricidir. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür ki, bu da Naxçıvanın qaza tələbatınının dayanıqlığını şərtləndirir, artan əhali və sənaye sahələrinin də tələbatını ödəyir.
Bu kəmərin ən vacib əhəmiyyəti həm də ondan ibarətdir ki, hər iki istiqamətdə hərəkət edə biləcək. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan tranzit bir məkan kimi iqtisadi müstəviyə daxil olacaq. Bu, iqtisadiyyatın şaxələnməsinə, minlərlə iş yerinin, sənaye parklarının açılmasına şərait yaradacaq.
Bu gün Azərbaycan regionun əsas enerji qovşağıdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayaraq Avrasiyanın enerji xəritəsini dəyişdi.
Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji zonası” elan edilən Naxçıvanla bağlı həyata keçirilən bu layihə Naxçıvanın, eləcə də Azərbaycanın enerji müstəqilliyini gücləndirir, Türkiyə ilə iqtisadi-tranzit bağları daha da möhkəmləndirir.
Martın 5-də keçirilən təntənəli açılış mərasimində Prezident İlham Əliyev bildirdi ki, İğdır-Naxçıvan qaz xətti layihəsi Türkiyə Azərbaycan qardaşlığında tarixi önəmə sahibdir. Dövlət başçısı qədim Azərbaycan torpağı olan Naxçıvanın bir əsrdir ki, Azərbaycanın əsas hissəsindən ayrı düşdüyünü, tarixi ədalətsizliklə üzləşdiyini, Naxçıvanda yaşayan əhalinin illərlə dərin məhrumiyyət və böhran şəraitində yaşadığını önə çəkdi, 90-cı illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvanı işğaldan qoruduğunu, “Ümid” körpüsünün Naxçıvanın qorunması və inkişafına böyük töhfə verdiyini diqqətə çatdırdı: “Həyata keçirilən bu böyük layihələr Türk dünyasının birliyinə mühüm töhfədir”.
Qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da fikirləri diqqəti cəlb etdi: “İndi həyata keçirdiyimiz layihə Azərbaycanla tale birliyinin növbəti nümunəsi olacaq”.
Bu gün həm də yaxın illərdə gerçəkləşdiriləcək Türkiyə-Naxçıvan elektrik xətti layihəsinin də siqnalı verildi. Deməli, tarixi önəm kəsb edən uğurlu layihələr hələ bitməyib. Böyük strateji önəmə və əlverişli coğrafi mövqeyə sahib olan Naxçıvanın qapıları bütün dünyaya açılmaqdadır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.